AMADA-nın 14 dopinq nəzarəti inspektoru beynəlxalq inspektor statusu alıb
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 14 dopinq nəzarəti inspektoru Beynəlxalq Test Agentliyinin Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün təlim-sertifikat proqramını uğurla başa vurub.
Komanda.az xəbər verir ki, Dopinq Nəzarəti İnspektorları Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssis kimi beynəlxalq inspektor statusu alıblar. Bu isə dopinq nəzarəti inspektorlarına beynəlxalq yarışlarda, o cümlədən dünya çempionatları, Olimpiya oyunları və digər böyük yarışlarda, habelə yarışdan kənar dopinq nəzarəti prosesinə cəlb olunma hüququnu verir.
Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyası və onun gətirdiyi məhdudiyyətləri nəzərə alaraq təlimləri onlayn formatda keçirib. İştirakçılar proqram çərçivəsində ən qabaqcıl təcrübələri öyrənib, dopinq testləri üçün istifadə olunan ən son avadanlıq və üsullarla tanış olub, idmançılarla səmərəli ünsiyyət qurmaq və onlara vacib dəstəyi göstərməklə bağlı biliklərini təkmilləşdiriblər.
Təlim-sertifikat proqramı çərçivəsində AMADA-nın Dopinq Nəzarəti İnspektorları onlayn kursları müvəffəqiyyətlə bitirib yekun imtahanından yüksək ballarla keçiblər.
Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün təlim-sertifikat proqramının əsas məqsədi dünyada antidopinq sahəsində dopinq nəzarəti keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Proqramda AMADA da daxil olmaqla dünyanın cəmi 8 milli və regional antidopinq agentliyi iştirak edib. AMADA proqramın hazırlanmasında da aktiv iştirak edib, təcrübələrini və təkliflərini bölüşməklə layihəyə öz töhfəsini verib.
Azərbaycan Milli Antidopinq Agentliyi 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir.
Bizi Facebook-da izləyin