AMADA-da narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş görüş
AMADA-da narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş görüş keçirilib.
Komanda.az xəbər verir ki, bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərlikləri arasında görüş keçirilib. AMADA-nın direktoru Şəfəq Hüseynli, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərli Fəqan Şahverdiyev və digər əməkdaşların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”dan irəli gələn məsələlər müzakirə edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. Bundan əlavə narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi də proqramda öz əksini tapıb. İndiyədək bununla bağlı 3 dövlət proqramının müvəffəqiyyətlə tamamlandığını deyən Fəqan Şahverdiyev 2019-2024-cü illər üçün nəzərdə tutulan 4-cü proqramın da icrasının uğurla davam etdiyini bildirib.
AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, dövlət proqramın icraçı orqanlarının siyahısına əlavə edildikdən sonra AMADA öz fəaliyyətində narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə daha geniş yer verib və bununla bağlı agentliyin 2021-ci il üçün iş planı hazırlanıb. İş planında Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə silsilə təlimlərin təşkili, narkotiklərin mənfi təsirini əyani şəkildə göstərən mobil və ya kompüter tətbiqlərinin, videoçarxların hazırlanması, Narkotik vasitələrin yayılması ilə mübarizə sahəsində müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə AMADA-nın saytı, sosial şəbəkələrdəki hesabları və digər internet resurslarının imkanlarindan geniş istifadə edilməsi və sair məsələlər əksini tapıb. İş planında həmçinin bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi üçün problemin idmançılar arasında yayılma miqyasını, potensialını, habelə narkotik maddələrin istifadəsinin doğura biləcəyi fəsadlar barədə idmançıların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə sorğunun hazırlanması və respublika idman federasiyaları vasitəsilə idmançılar arasında keçirilməsi nəzərdə tutulur.
Görüşdə həmçinin Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planında nəzərdə tutulmuş məsələlərin icrası, gələcəkdə görüləcək işlər və bu istiqamətdə koordinasiyalı fəaliyyətin qurulması məsələləri müzakirə edilib.
AMADA Azərbaycan Respublikası Prezidentinin 25 dekabr tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı orqanlarının siyahısına əlavə edilib.
Bizi Facebook-da izləyin