“Hesabı bərabərləşdirəcəyimizə inanırdıq” – Rövşən Hüseynli
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirdikləri oyundan (1:1) sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
Komanda.az sizi həmin müsahibə ilə tanış edir:
- Qrupun ən çətin oyununu oynadıq, demək olarmı?
- Demək olar. Bunun da səbəbi var. Bura 4 əsas oyunçumuz olmadan gəldik. Onlar zədəli olduğuna görə bizə kömək edə bilmirdi. Turnir cədvəlindəki vəziyyət həm də rəqibi mütləq qələbə üçün mübarizə aparmağa vadar edirdi. Rəqib meydanında oynamağımız da sözünü dedi. Fikir verin, Slovakiya yığması ilə Bakıdan kənarda keçirdiyimiz oyunlarda əsasən heç-heçə edirik.
- Səbəbini nədə görürsən?
- Əvvəlcə meydan amilini qeyd edərdim. Azarkeş olmasa da, örtüyə öyrəşmək lazımdır. Üstəlik, yol yorğunluğu da təsirini göstərir.
- Buraxılan qol haqda nə deyə bilərsən?
- Bu komanda ilə Bakıdakı oyunda olduğu kimi, yenə müdafiədə səhvə yol verdik. Onlar da bundan istifadə etdilər. Əsas olan odur ki, bu intizamı sona qədər qoruduq və lazım olan nəticəni əldə etdik.
- Əslində sona yaxın yorğunluq aşkar hiss olunurdu. Belə məqamda qol vuracağınıza inanırdınmı?
- Bu gün uduzmayacağımızla bağlı sanki daxilimdə bir hiss var idi. Ona görə də inanırdım ki, hesabı bərabərləşdirəcəyik. Yəni vacib olan xal qazanmaq idi, onu da əldə etdik. Buna tək mən yox, komanda olaraq inanırdıq.
- Zədən nə yerdədi?
- Hələ ki. ağrı yoxdu. Oyundan əvvəl ağrıkəsici vurdurmuşdum. İnşallah, ciddi bir zədə olmaz və Yunanıstana qarşı meydana çıxaram.
- Bu heç-heçə Yunanıstanla oyun üçün yaxşı motivasiya ola bilərmi?
- Bakıda Slovakiyanı məğlub etdikdən sonra özünəinam artdı. Həmin qələbə bizə motivasiya verdi. Moldova ilə səfərdəki oyunda çoxlu səhvlər etdik. Bu gün bunu azaltdıq. Son görüş üçün də motivasiyamız var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin