Ramin Quliyev “Sabah”da baş məşqçi olmaq istəyir
“Sabah”ın baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İki gündür komandanı götürmüşəm. Kimə qarşı oynadığımızı yaxşı bilirdik. Bu gün çoxdandır görmədiyimiz komanda ruhunu gördük. İki gündə komanda belə dəyişirsə, mənə lazım olan istəyi, inamı görürəmsə, bu, çox sevindiricidir.
- Oyuna iki gün qalmış nə baş verdi ki, Qomeslə yollar ayrıldı?
- Bu, rəhbərliyin bildiyi işdir. Klubdaxili məsələdir və hiss olundu ki, Qomes getməlidir, bu qərar verilməlidir. Bunu tam açıqlaya bilmərəm.
- İlk olaraq komandanı dəyişmək üçün nədən başladız?
- Cəmi bir məşqimiz oldu. Çalışdıq ki, komandanı özünə inandıraq. Bu iki gündə heç yatmamışam. Bizim üçün vacib olan hər bir futbolçuda özünəinam yaratmaq idi. Bizim komanda hər şeyi bacarar.
- Tiemoko Fofana nə üçün ehtiyatda qaldı?
- Son 5-6 oyunda oynayırdı. Bu gün bizə lazım olan topu saxlamaq idi. Bu səbəbdən Xulio Sezar Rodriqesi oynatdıq.
- Ramil Şeydayevi özünə qaytarmaq mümkün olacaq?
- Onunla 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü var. Ona o şəraiti yaradacam ki, özünü sübut etsin. Ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz.
- Yeni baş məşqçi gələndə sizin işiniz necə olacaq?
- Mən müvəqqəti gəlmişəm. Yeni baş məşqçi gələndən sonra hər şeyə aydınlıq gələcək.
- Mövsümün sonuna qədər postunuzda qalmağınız mümkündür?
- Mənim üçün əsas olan klubun mənə olan dəstəyidir. Mən hazırda müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, bu, kluba da, mənə də xeyirdir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin