“Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir” – Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Qısa demək istəyirəm. Birinci hissədə rəqib daha yaxşı oynadı. Təhlükəli qol şanslarımız çox olmadı. Müəyyən xırda qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı.
Sonuncu pillədə olmağımız komandaya pis təsir edir. İstədiyimiz nəticələri qazana bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. 1-2 qələbə lazımdır ki, hər şey düzəlsin. Amma məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir”.
Mümkün istefa ilə bağlı suala da cavab verən ispaniyalı baş məşqçi klub rəhbərliyi ilə danışdığını vurğulayıb: “Mən işimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə özəl olaraq qalır”.
Qomes komandanın əsas qapıçısı Saşa Stamenkoviçin sıraya qayıdacağı vaxtı da açıqlayıb: “Komandada müəyyən oyunçular var ki, yoxluğu mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kolektivlə məşq etməyə başlayacaq və gələcəkdəki matçlarda komandaya kömək edə biləcək”.
Bizi Facebook-da izləyin