“Sürpriz hər zaman mümkündür” – Rizvan Fərzəliyev

Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın rəsmi saytın müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir:

  • Hazırlıqla bağlı nə deyə bilərsən? Komandada ab-hava necədir?
  • üç gündür təlim-məşq toplanışına başlamışıq. Ancaq ondan əvvəl də məşqlər edirdik. Düzdür, toplanış başlasa da, məşqlərdə tam heyətlə iştirak edə bilmirik. Çünki xarici klublarda çıxış edən futzalçılarımızın çempionat oyunları var. Ona görə onlar gec qoşulacaqlar. Bacardığımız qədər baş məşqçinin verdiyi tapşırıqları daha yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Qələbə qazansaq da, çatışmayan cəhətlərimiz oldu. İndi həmin “axsamaları” aradan qaldırmalıyıq. Moldova ilə ardıcıl iki oyun keçirəcəyik. İlk duel bizim meydanda olacaq. Maksimum xal qazanmalı, səfərə yaxşı əhval-ruhiyyədə yollanmalıyıq.
  • Baş məşqçinin tələbləri nədir?
  • Moldovanın oyununu tam analiz etməmişik. Düzdür, Moldova-Yunanıstan qarşılaşmasını izləmişik. Həmin vaxt bizim üçün Yunanıstana bələd olmaq vacib idi. İndi növbə Moldovaya çatıb. Baş məşqçi tələblərini oyuna yaxın deyəcək. Amma izlədiyimiz həmin qarşılaşmada Moldova yaxşı təsir bağışladı. Hazırkı heyətin üzvləri uzun müddətdir bir yerdə çıxış edirlər. Yaxşı nəticə qazanmaq istəyirlər. Mərkəzdən çox top keçirirlər. Baş məşqçi necə oynamalı olduğumuzu deyəcək.
  • Bəs Slovakiya – Moldova oyununu izləmisən?
  • Bu oyuna baxmamışıq. Yəqin ki, oyunumuza az vaxt qalmış baxacağıq.
  • Bu dueldə qeydə alınan hesabı sürpriz hesab edirsən?
  • Nəticə gözlənilməz oldu. Özü də matç Slovakiyada keçirilirdi. Oyun planında da Moldova yaxşı təsir bağışladı. Halbuki biz Slovakiyadan daha fərqli oyun və nəticə gözləyirdik. Slovaklar ilk oyunda bizimlə qarşılaşdılar və yaxşı təsir bağışladılar. Qələbə qazansaq da, nəticəni asan əldə etmədik.
  • Analoji sürprizlə millimiz də üzləşə bilərmi?
  • Bu oyundur, gərək rəqibi düzgün qiymətləndirəsən, boşluq verməyəsən. Sürpriz hər zaman mümkündür. Vacib olan qrup mərhələsini ilk pillədə başa vurmaqdır ki, biz də bunu əldə etməyə çalışacağıq.
  • Bayaq qələbə qazandığımız Slovakiya və Yunanıstanla oyunlarda “axsamalar”ın olduğunu dedin. Hansı məqamları nəzərdə tutursan?
  • Pandemiya ilə əlaqədar uzun müddət idi zalda məşq etmirdik. Buna baxmayaraq, iki oyunu itkisiz başa vurduq. Çatışmayan cəhətlərimiz var və onları oyundan oyuna düzəldəcəyik. Sadəcə, onların hansılar olduğunu açıqlamaq istəmirəm.
  • Baş məşqçi hər iki oyundan sonra yaradılan epizodları qola çevirə bilməməyinizdən narazı idi..
  • Bu onlardan biri idi.
  • Baş məşqçi deməsə də, Moldova ilə oyunu izləmisən və hansı güclü tərəflərini qeyd edə bilərsən?
  • Çox dinamik komandadır. Topla və ya topsuz fərqi yoxdur, daim hərəkətdə olurlar. Fiziki gücləri çoxdur. Ötürmə edib, dərhal boş mövqeyə açılırlar. Biz də buna qarşı tədbir görəcəyik. Ehtiyac olarsa, birəbir mübarizə aparacağıq. Vacib olan yekunda 3 xalı qazanmaqdır.
  • Moldova ilə hər iki oyunda qazanılacaq qələbənin Avropa çempionatının final mərhələsinə qapıları açacağını proqnozlaşdırmaq olarmı?
  • Bu iki oyunda qazanılacaq nəticə vacibdir. Qələbələr qazansaq, işimizin öhdəsindən böyük ölçüdə gəlmiş olacağıq. Ondan sonra səfərdə Slovakiya, Bakıda isə Yunanıstan yığması ilə oyunumuz qalır.
  • Millinin oyunlarına hər zaman azarkeş marağı böyük olub. Bu cür səssizlik sizi narahat etmir?
  • Komandada ruh yüksəkliyini hər zaman üst səviyyədə saxlayan azarkeşlər olur. Doğma meydan amilini də ona görə hiss edirsən. Azarkeşlər bizi ruhlandırır, motivasiya edir, sona qədər mübarizə aparmağa məcbur edir. Mövcud durumla bağlı verilmiş qərarı da anlayışla qarşılamalıyıq. Çünki insan sağlamlığı hər şeydan vacibdir. Məcburiyyətdən bizi ekran qarşısında izləməli olan azarkeşlərimiz bilsin ki, onların yeri hər zaman görünür.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button