“Raketin düşmə anı, o səsi eşitmək özü bir vahimə idi” – Müsahibə
1-ci divizionda mübarizə aparan “Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadənin Komanda.az saytına müsahibəsi:
- Yaşar bəy, “Kəpəz”də vəziyyət nə yerdədir?
- Komandada hər şey qaydasındadır. Baxmayaraq ki, divizionda 4-cü yerdəyik, komandada vəziyyət yaxşıdır. Son iki oyunda uduzsaq da, bunlar məğlub olunası oyunlar deyildi. Yəni komanda pis təsir bağışlamırdı. Sadəcə müdafiədə olan səhvlər məğlubiyyətə gətirib çıxardı. Komanda şəklində pis görsənmirik, məğlub olduğumuz son iki oyunda da real qol imkanlarımız olsa da, bundan yararlana bilmədik.
- “Turan Tovuz”a 2:3 hesabıyla uduzduğunuz oyunda hakimi təhqir etdiyiniz üçün İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmısız. Hakimlə aranızda nə baş vermişdi?
- Hakim oyundan sonra protokolda qeyd edib ki, onu təhqir etmişəm, lakin belə bir şey olmayıb. Sadəcə oyundan sonra hakimə üç şeyə görə iradlarımı bildirmişəm, o da mənə qırmızı vərəqə verib, bu qədər.
- Hakimə nələrə görə irad bildirirdiz?
- Birincisi oyuna edilən əlavə vaxta görə idi. İkinci, rəqib futbolçu bizim oyunçumuza dirsəklə zərbə vurmuşdu. Futbolçumuzun dodağı partlamışdı və qan içindəydi. Üçüncü isə penalti epizodu ilə bağlı idi. Bu məsələlərə görə hakimə irad bildirdim və beş oyunluq cəza aldım.
- Koronavirusa yoluxma halları sürətlə artır. Premyer Liq klublarında çıxış edən futbolçulardan koronavirusa yoluxanlar çoxdur. Bəs divizion klublarında vəziyyət necədir?
- Görürük ki, koronavirusa yoluxma çoxdur. Premyer Liqada bu turun bütün oyunları təxirə salındı. Digər klubları deyə bilmərəm, mən özümüzdən danışacam. Biz Gəncədəyik, məşqlərimizi davam etdiririk. Futbolçular məşqə gələndə həkimlərimiz onlarla danışır, mütəmadi olaraq maraqlanır. Dünən bir futbolçumuz zəng vurdu və hərarəti olduğu üçün məşqə gələ bilməyəcəyini dedi. Ondan başqa, komandada hər kəs sağlamdır, məşqlərimizə davam edirik.
- Sizcə, koronavirusa görə 1-ci divizion və Premyer Liqada mövsüm yenidən dayandırılmalıdırmı?
- Çempionatın dayandırılması məsələsi ən çox Operativ Qərargahın verdiyi qərardan asılı olacaq. Düşünürəm ki, dayandırılmasa, yaxşı olar. Ona görə ki, biz ötən il martda çempionatın dayandırılmasının fəsadlarını gördük. Futbol bərpa olunduqdan sonra yenidən formaya düşmək həm futbolçular, həm də məşqçilər üçün çətin olar.
- Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını necə qiymətləndirirsiz?
- Yeni baş məşqçi Canni De Byazinin komandanı yaxşı tanımaq üçün vaxtı olmamışdı. Bu Millətlər Liqası ona şans verdi ki, komandayla tanış olsun. Biz də görürük ki, yığmada nəsildəyişmə prosesi gedir. Bir çox futbolçular debüt etdi yığmada. Mən U-21-in baş məşqçisi olanda ordakı futbolçuların 7-8-i indi əsas yığmada debüt edir. Onları millidə görmək mənə xoş gəlir. Yığmada cavanlaşma prosesi gedir və bunun fəsadları da qaçılmazdır. Düşünürəm ki, indi biz bu futbolçulara dəstək olmalıyıq. Çoxu cavandır və onların potensialları var. Məşqçi də artıq onların bacarıqlarını bilir.
- Yığmanın sərgilədiyi oyunu necə dəyərləndirərdiz?
- Bu oyunlar göstərdi ki, komanda müdafiədə inamlı oynamağa başlayıb. Bu, müsbət məqamdır. Hücum və yarımmüdafiəyə baxanda müdafiə pis təsir bağışlamadı
- Bəs mənfi cəhətlər, çatışmazlıqlar nələr idi?
- Gözə görünən müdafiə idi. Mənfi cəhətləri də məşqçilər korpusu yaxşı bilir. Mənfi deyəndə ki, bəzi çatışmazlıqlar var idi. Məsələn, qol imkanları yaranırdı və bundan istifadə edə bilmirdik. Bunu məşqçilər korpusu daha yaxşı bilir.
- Yaşar bəy, Gəncənin ermənilər tərəfindən raket atəşinə tutulduğu zaman siz də orda idiz?
- Bəli, Gəncədəydim. Dəhşətli bir hadisə idi. Raketin düşmə anı, o səsi eşitmək özü bir vahimə idi. Raket atılan zaman bizim stadionun binasına da ziyan dəymişdi. Bu hadisədən sonra da heç yerə getmədik, Gəncədə qaldıq, məşqlərimizi edirdik. Terror nəticəsində heç nədən xəbərsiz uşaqların yatdıqları yerdə ölümü çox təsirli idi. Biz komanda ilə həmin yerləri ziyarətə getdik, güllər qoyduq. Bilirsiz, biri var bunu televiziyada görəsən, biri də var reallıqda. Çox dəhşətli idi, çox…
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin