“28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm” – Qara Qarayev
“Qarabağ”ın futbolçusu Qara Qarayev Türkiyə mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “TRT Spor”a danışan Qarayev, Avropa Liqasında “Sivasspor”la qarşılaşacaqları oyun haqda da fikirlərini bildirib:
“Yaxşı komandaya qarşı oynayacağıq. “Sivasspor” yaxşı dönəmlərindən birini yaşayır. Bizi çətin və maraqlı oyun gözləyir. İstanbula gəldiyimiz andan bizə xüsusi diqqət göstərirlər. Heç bir çətinliyimizin olmaması üçün əllərindən gələni edirlər. Burada heç vaxt özümüzü yad kimi hiss etməmişik. Biz onsuz da qardaş ölkəyik. “Sivasspor”la oyun bizim qardaşlığımızı daha möhkəmləndirəcək oyunlardan olacaq.
Cəbhədə baş verən hadisələr haqda da danışmaq istəyirəm. Mən 1992-ci ildə Füzulidə anadan olmuşam. 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Bu gün Azərbaycan Ordusu bu sevinci, qüruru bizə yaşadır. Uzun illərdir, torpağaqlarımız işğal altında idi. Bu, o demək deyil ki, Azərbaycan milləti, ordusu, dövləti qorxaqdır və ya nədənsə çəkinir. Biz münaqişənin sülh yolu ilə həllini gözləyirdik, amma mövcud durum buna gətirib çıxartdı ki, torpaqlarımızı müharibə ilə geri qaytaraq. İlk olaraq ordumuza təşəkkür edirəm. Daha sonra millətimizə, prezidentimizə, haqq yolunda bizi dəstəkləyən türkiyəli qardaşlarımıza və digər dövlətlərə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz vətənimizdə müharibə aparırıq. Mən 28 il sonra doğulduğum torpaqlara qayıdıram”.
Bu gün “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı saat 21:55-də start götürəcək.
Bizi Facebook-da izləyin