Mesut Özil daha bir şok yaşadı
London “Arsenal”ı futbol üzrə İngiltərə Premyer Liqasının 2020/21 mövsümü üçün 25 nəfərlik iştirak ərizəsini açıqlayıb.
Komanda.az xəbər verir ki, “topçular”ın heyətində ən diqqətçəkən məqam türk əsilli alman yarımmüdafiəçi Mesut Özilin bu heyətdə yer almamasıdır.
Bir neçə gün öncə Avropa Liqasının qrup mərhələsi üçün açıqlanmış heyətdə də Özilə yer verməyən klub, ən azı qışa kimi 32 yaşlı futbolçunun xidmətində maraqlı olmadığını göstərib. “Arsenal”ın həftəsinə 350 min funt-sterlinq qazanan futbolçusundan bu cür imtinası böyük təəccüblə qarşılanıb. Futbolçu özü isə bu qərara görə çox məyus olduğunu bildirib. Sosial şəbəkə hesabında buna etirazını dilə gətirən Özil, ruhdan düşmədiyini və mövsümün qalan hissəsində heyətə dönmək üçün əlindən gələni edəcəyini bəyan edib.
Almaniya yığması ilə DÇ-2014-ün qalibi olmuş Mesut Özil, 2013-cü ildə Madrid “Real”ından 50 milyon funt-sterlinq qarşılığında “Arsenal”a transfer olunub. O, həmin dövrdə London klubunun ən bahalı transferi kimi tarixə düşmüşdü. Bu illər ərzində “topçular”ın heyətində 200-ə yaxın oyun keçirmiş Mesut, “Real”dan öncə “Şalke” və “Verder”in də uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin