“Yuventus” Halandı 2 milyon avroya ala bilərmiş

“Yuventus”un keçmiş icraçı direktoru Cüzeppe Marotta 2018-ci ildə norveçli hücumçu Erlinq Halandı transfer etmək imkanlarının olduğunu deyib.

Komanda.az xəbər verir ki, Marotta, bu barədə İtaliya mətbuatına açıqlamasında deyib. O, 2018-ci ildə Halandı 2 milyon avro qarşılığında “Yuventus”a transfer etmək imkanlarının olduğunu bildirib:

“Halandı “Molde”dən ala bilərdik. Həm də çox ucuza – 2 milyon avroya. Son anda transferdən imtina etdik. İndi onun üçün danışılan pulları görəndən sonra Halandın İtaliyaya gəlməsinin mümkünsüz olduğunu düşünürəm. İtaliyada Halanda bu qədər pul verə biləcək klub yoxdur”.

Hazırda Dortmund “Borussiya”sında çıxış edən Halandın “transfermarkt”da dəyəri 150 milyon avrodur.