Sarridən 3:3-ə şərh: “Məni təəccübləndirirlər”

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri A Seriyasının 33-cü turunda “Sassuolo” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sarri, 3:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Bir məşqçinin komandasından gözlədiyi stabillikdir. Bəzən fiziki, bəzən də psixoloji nələrsə çatmır. Yaxşı imkanlarımız olur, amma dəyərləndirə bilmirik.

Oyunlardakı qeyri-stabilliyi həll edə bilsək, yaxşı olar. Ümumiyyətlə, düzgün yolda olduğumuzu düşünürəm. İstənilən komandaya meydanın üçdə bir hissəsini keçməyə icazə versəz, təhlükə yaradacaq. Bəzən komandamın daha böyük potensiala sahib olduğunu düşünürəm, bəzən də məni təəccübləndirirlər. Tarazlığı saxlamaq lazımdır.

“Sassuolo” son zamanlarda yaxşı formadadır və ardıcıl 4 oyun idi ki, qələbə qazanırdılar. Belə davam edib güclənsələr, gələcəyin “Atalanta”sı ola bilərlər”.

“Yuventus” A Seriyasında 77 xalla liderdir. Komanda ardıcıl 3 oyundur ki, qələbə qazana bilmir.