Van Dayk əməliyyat olundu, Fabinyonun durumuna aydınlıq gəldi

“Liverpul”un müdafiəçisi Vircil van Dayk dizindən əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Londonda baş tutan əməliyyatın uğurlu keçdiyi bildirilib. Futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, niderlandlı müdafiəçi İngiltərə Premyer Liqasının 5-ci turunda “Everton”la matçda (2:2) zədələnmişdi.

Yeri gəlmişkən, “Liverpul”un digər zədəli futbolçusu – Fabinyonun da durumuna aydınlıq gəlib. UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Midtyulland”la oyunda (2:0) zədələnən futbolçunun vəziyyəti o qədər də qorxulu deyil. Zədəsi yüngül olan braziliyalı yarımmüdafiəçi təxminən iki həftə məcburi istirahət etdikdən sonra sıraya dönə biləcək. Onun ən pis halda yığma komandaların noyabrdakı oyunlarından sonra məşqlərə başlayacağı bildirilir.