Ukrayna millisinin formasında Azərbaycan bayrağı – FOTO

Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.

Komanda.az Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadən xəbər verir ki, formanın üzərində ölkənin xəritəsi təsvir olunub. Dövlət sərhədləri ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Həmin ölkələr arasında Azərbaycan və Türkiyə bayraqları da var.

Xəritənin ortasında “Ukrayna naminə birləşmə” mənasını verən “United for Ukraine” yazısı yer alıb. Formanın arxa hissəsində isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

UAF prezidenti Andrey Pavelko bildirib ki, yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə edəcək. Bundan sonra formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək veriləcək.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.