Türkiyəli futbolçu İtaliyada klubunu dəyişdi

Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Mert Çetin İtaliyada klubunu dəyişib.

Komanda.az xəbər verir ki, müqavilə ilə “Verona”ya məxsus olan 25 yaşlı futbolçu 2022/23 mövsümündə “Leççe”də çıxış edəcək. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb.

Ötən mövsüm B Seriyasının qalibi olan və bu mövsümü A Seriyasında keçirəcək “Leççe” türkiyəli mərkəz müdafiəçisini icarəyə götürüb.

Mert Çetin 2020-ci ildə “Roma”dan “Verona”ya transfer olunub. O, daha öncə “Hacettepe” və “Gənclərbirliyi” klublarının da uğurları üçün çalışıb. Geridə qalan mövsümdə isə futbolçu “Kayserispor”da icarədə oynayıb. Müdafiəçi Türkiyə millisində də 1 oyuna çıxıb.

“Leççe” bu yay “Verona”dan sol cinah müdafiəçisi Canluka Frabbotanı da icarəyə götürmüşdü. Sözügedən klub “Milan”dan Lorenso Kolombonu, “Sampdoriya”dan Kristoffer Askildsen və Vladimiro Falkoneni, həmçinin Rusiyanın ÇSKA (Moskva) klubundan Kristian Bıstroviçi də icarəyə götürüb. Elitanın yeni iştirakçısının ən ciddi transferləri isə Çexiyanın “Slaviya” (Praqa) klubundan 2 milyon avroya alınan Daniel Samek, İsrailin “Makkabi” (Petah Tikva) klubundan gələn Lamek Banda (1.8 milyon avroya) və “Roma”dan gələn Volkerlinq Perssondur (800 min avro). “Leççe” “Fiorentina”dan Federiko Brankolini, SPAL-dan Federiko Di Françesko, “Askoli”dən Federiko Başirotto, “Sürix”dən Asssan Siseyi də transfer edib.

Mert Çetini icarəyə göndərən “Verona” da heyətinə yeni oyunçu qatıb. Sözügedən klub “Breşiya”nın qapıçısı Simone Perillini transfer edib. 27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. O, daha öncə “Piza”, “Peruca”, “Pordenone”, “Recana” və “Pro Patria” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button