Tanınmış menecer: “MLS çox ciddi liqadır, Nərimanın ora getməsi böyük hadisədir”

“Qarabağ”dan ayrılan hücumçu Nəriman Axundzadə ABŞ-ın “Kolambus Kru” klubuna keçib. Ağdamlılar 21 yaşlı futbolçunun keçidindən 1 milyon avrodan çox gəlir əldə edəcək.

Axundzadənin ABŞ klubuna keçidini dəyərləndirməsi və onun orada nə qədər uğurlu olub-olmayacağı ilə bağlı tanınmış futbol meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq. Vaqif bəy hesab edir ki, Nərimanın MLS-də uğur qazanmaq üçün yetərincə təcrübəsi var:

“Əlbəttə, müsbət dəyərləndirirəm. Təkcə Nərimanın deyil, istənilən azərbaycanlı futbolçunun xarici kluba keçidi futbolumuz adına müsbət hadisədir. Bunu da belə deyək, çox müsbət dəyərləndirirəm və təbii ki, sevinirik. Çünki MLS çox ciddi liqadır və belə bir gənc futbolçumuzun ora getməsi böyük hadisədir. Çox inanırıq. Nərimanın həm potensialı, həm futbolçu keyfiyyətləri, həm də yaşının az olmasına baxmayaraq, kifayət qədər təcrübəsi var. Bütün bunlar ona orada oynamaq imkanı yaradacaq. Onun karyerası belə deyək, inkişaf edən xətt üzrə davam edəcək.

Təbii ki, asan heç nə yoxdur, çətin olacaq. Amma bunun üçün Nəriman çalışmalıdır və buna nail olmalıdır. Rəqabət var, yaxşı oyunçular var, güclü liqadır, güclü klublar var. Yəni, bu ancaq və ancaq Nərimana təcrübə yığmasına, futbolçu kimi inkişaf etməsinə kömək edəcək”.

Heydərli, həmçinin, azərbaycanlı başqa futbolçuların da xarici klublara, əsasən, Avropaya üz tutmalarının çətin olduğunu bildirdi:

“O ki qaldı azərbaycanlı başqa futbolçulara, doğrudan çətindir də. Yəni, biz acı da olsa, etiraf etməliyik ki, azərbaycanlı futbolçulara maraq azdır. Əsasən, Avropa liqalarından maraq demək olar ki, yoxdur. Var, bəzən Asiya, Amerika, digər belə liqalardan maraqlar olur. Avropadan çox az olur, son vaxtlar demək olar ki, yoxdur. Təkcə Nərimandan söhbət getmir, digər futbolçularımıza da maraq olmur. Amma ümid edirik ki, “Qarabağ”ın uğurları və digər klublarımızın da inkişafda olması buna təkan olacaq. Məsələn, Nərimanın keçidi də – hər nə qədər Avropaya olmasa da – futbolumuza diqqəti artıracaq. Azərbaycanlı futbolçunun bizim liqadan ora transfer olunması müsbət mənada təsir edəcək. Və inanırıq ki, gələcəkdə digər futbolçularımızda da bu nümunəni görəcəyik”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button