
Tənhalıq soyuğunun üşütdüyü Premyer Liqa
Rəşad Ergün
Bu gün Qubada keçirilən “İmişli” – “Araz-Naxçıvan” oyununda tribunalar boş idi. Rəsmən boş. Bomboş. Oyun İmişlidə olsa, bəlkə də, tribunalar səs-səsə verib rəhmətlik Nəbi Xəzri yaradıcılığından “tənhalıq soyuğu üşüdür məni” misrasını oxumazdılar. Amma o da “bəlkəəə”.
Turun mərkəzi oyunu olan “Neftçi” – “Zirə” matçında da tribunalar “azarkeş” deyibən fəryad qoparırdı.
Peşəkar Futbol Liqası çox iş görən, düzgün çalışan, gecə-gündüz Azərbaycan futbolu adına bir şeylər etməyə çalışan qurumdur. Adamın onların zəhmətinə heyifi gəlir.
Əminəm ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində daim oynasaydı, zamanla onların da oyunlarında tribunalar boşalmağa başlayacaqdı. Avropa Liqasında artıq bunun ilk “işartılar”ı görünməyə başlamışdı.
Nə etmək olar, biz uzaqdan tamaşa etməyi, uzaqdan fikir bildirməyi, uzaqdan sevməyi, hətta uzaqdan söyməyi xoşlayırıq.
Bizi Facebook-da izləyin



