Sevginin və sədaqətin simvolu olan “Maestro” Yazı+Fotolar

Bir vaxtlar “Yuventus” deyəndə, ağıla ilk olaraq onun adı gəlirdi. İtaliyanın ən köklü klublarından birinə sevgisi və sədaqəti ilə tanınan Del Pyero…

Alessandro Del Pyero elektrikçi atanın və xidmətçi ananın övladı olaraq dünyaya gəlib. Ailədən təkcə o, futbolçu olmağı bacarır, baxmayaraq ki, qardaşı Stefano futbolçu olmağı daha çox istəyirdi. Maddi sıxıntılar ucbatından ailə tez-tez yaşadığı yeri dəyişdirirdi. Bəlkə də, buna görədir ki, Del Pyeronun uşaqlıq xəyalı dünyanı gəzən “kamaz” sürücüsü olmaq idi.

Anası ona oynadığı komandalarda təkcə qapıçı olmasına icazə verirdi. Amma onun 13 yaşında “Padova” klubunun aşağı yaş qruplarına keçməsi ilə hər şey dəyişir. Onun B Seriyasındakı iki illik təcrübəsindən sonra “Yuventus”da 19 illik karyerası başladı. Futbolçu olmağı çox istəyən qardaşı Stefano isə uzun illər onun menecerliyini etdi.

Del Pyero “Yuventus”un heyətində ilk oyununu “Focciya”ya qarşı keçirir. Bu oyuna ehtiyatda başlasa da, növbəti matçda “qoca sinyora”nın heyətində ilk qolunu vurur. Start heyətində çıxdığı ilk oyunda isə “Parma”ya üç qol vurmağı bacarır. O, burda keçirdiyi ikinci mövsümündə komandanın əsas futbolçularından birinə çevrilir və “Yuventus”un 8 il sonra qazandığı çempionluqda böyük pay sahibi olur. Növbəti mövsüm, həmin dövrün ən böyük futbolçularından olan Roberto Bacconun yerinə start heyətində olması əvvəlcə tənqid olunsa da, sonradan o, öz istedadını meydanda göstərməyə başladı. Mövsümün sonunda ehtiyatda qalmağı qəbul etməyən Bacco “Yuventus”un əzəli rəqibi “Milan”a transfer olunarkən, Del Pyero Çempionlar Liqasının qalibi olur. 1996-cı ildə finalda “Ayaks”la qarşılaşan “Yuventus”, penaltilər seriyasında çempion olur. Del Pyero həm qolları, həm də məhsular ötürmələri ilə bu uğurda böyük pay sahibi olur.

Növbəti illərdə onun turinli azarkeşlərlə münasibəti çox dərinləşdi. “Yuventus” karyerasında 8 dəfə İtaliya çempionluğu, 1 dəfə Çempionlar Liqası, 1 dəfə Qitələrarası çempionatın qalibı adını qazandı. Üç dəfə isə Çempionlar Liqasının finalında məyus oldu “Maestro”.

Onun sol cinahdan etdiyi hücumlar, vurduğu zərbələr rəqiblərin qorxulu yuxusuna çevrilmişdi. Qollarını vurduğu bu hissə “Del Pyero bölgəsi” olaraq xatırlanmağa başlandı. O zamanlar “Yuventus”un əsas futbolçusu hesab olunmasına baxmayaraq, bu klubun heyətində çətin zamanlar da keçirdi. İtalyan hücumçu, Marçello Lippinin və Fabio Kapellonun baş məşqçiliyi dövründə əsasən ehtiyat heyət üzvü oldu. 2005-2006-cı il mövsümündə yenidən karyerasında yüksəliş yaşadı və həmin mövsümü 20 qolla tamamladı. Del Pyero İtaliya millisi ilə 2006-cı ildə dünya çempionluğunu da yaşadı.

Bu uğurlara baxmayaraq, növbəti mövsümdə Kapello onu yenidən ehtiyat oyunçular sırasına göndərməyi planlaşdırırdı. Mövsümün sonunda Kapello vəzifəsindən ayrıldı. Del Pyero o günlər haqda, “Kapello getməsəydi, mən gedəcəkdim” deyir. Kapello getsə də, komandanın çətin günləri bitmir. Həmin vaxt İtaliya futbolunu sarsıdan oyun alqı-satqısı və korrupsiya məsələsi “Yuventus”un aşağı liqaya göndərilməsinə səbəb oldu. Bir çox futbolçu komandanı tərk etsə də, Del Pyero “qoca sinyora”dan ayrılmayacağını və kapitanlığa davam edəcəyini açıqladı.

“Yuventus” B Seriyasında bir mövsüm keçirdikdən sonra yenidən A Seriyasına qayıtdı. 2008-2009-cu il mövsümündə ayağından ciddi zədə alan italiyalı futbolçu, artıq meydanda uzun müddət qala bilmirdi. Buna baxmayaraq, 2011-ci ildə klubla müqaviləsini bir illik uzatdı. Bu bir ilin sayəsində o, Campyero Bonipertini də keçərək, ağ-qara formanı ən çox geyinən futbolçu oldu. Həmin mövsümün sonlarında Del Pyero yenə komandanın önə çıxan futbolçusu oldu və kritik qollar vurdu. Beləliklə, 2011-2012-ci il mövsümündə “Yuventus” A Seriyasına yüksəldikdən sonra ilk çempionluğunu qazandı.

Mövsümün sonunda hamını maraqlandıran əsas məsələ onun müqaviləsinin uzadılıb-uzadılmayacağı idi. Bu dəfə rəhbərlik müqavilənin uzadılmasına müsbət yanaşmadı və onunla yollar ayrıld. 37 yaşı olmasına baxmayaraq, oynamağa həvəsli olan Del Pyero üçün Avstraliya, Fransa, Qətər və ABŞ-dan təkliflər olur. O, seçimini “Sidney”dən yana edir. “Yuventus” isə onunla yollarını ayırsa da, geyindiyi 10 nömrəli formanı 19 illik karyerasına hörmət əlaməti olaraq, əbədiləşdirməyi düşünür…

Artıq yaşıl meydanlardan səsi gəlməyən “Maestro”, karyerası ərzində qazandığı pulların bir hissəsini xərçəng xəstəliyinin araşdırılması üçün xərcləyir.

“Kamaz” sürücüsü olaraq dünyanı gəzmək istəyən Del Pyero, 19 il bir komandanın futbolçusu olaraq, sədaqəti və kluba sevgini təcəssüm etdirən futbolçulardan biri kimi heç vaxt unudulmayacaq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button