Adamın yuxusunu ərşə çəkən qələbə

Bilmirsən, kədərlənəsən, ya sevinəsən. Sənin ölkənin futbol üzrə əsas millisi UEFA Millətlər Liqasının oyununda, səfərdə Slovakiya kimi Avropanın sayılıb-seçilən, hörmət edilən komandasını udur, amma qalırsan belə…

Azərbaycan yığma komandasının Slovakiya üzərində, özü də, səfərdə 2:1 hesablı qələbə qazanması futbol diliylə desək, sensasiyadır. Yəni hətta yuxuna da tez-tez girməyəcək bir şeydir. Ancaq adamın yuxusunu ərşə çəkən qələbə deyil, qələbəni kimlərlə, hansı futbolçularla qazanmaqdır.

11 futbolçudan 2-si

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi dünən Slovakiya yığması ilə qarşılaşmada start heyətində aşağıdakı futbolçulara şans vermişdi:

Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Riçard Almeyda, Ozan Can Kökçü.

Bu 11 futbolçudan sadəcə ikisi Azərbaycan futbolunun yetirməsidir: Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə. Vəssalam. Qalanlarının Azərbaycana və azərbaycanlılara hansısa şəkildə bağlılığı olsa da, başqa ölkənin “futbol mətbəxi”nin məhsuludur.

Şahruddin Məhəmmədəliyev – Dağıstanda, Mahaçqalada doğulub və Rusiya futbol məktəbinin məzunudur. Azərbaycanla yanaşı, Rusiya vətəndaşlığı da var.
Höccət Haqverdi – İranın Məşhəd şəhərində dünyaya göz açıb. İran futbol məktəbinin yetirməsidir, milli komandada oynaması üçün Azərbaycan pasportu daşımasını nəzərə almasaq, futbolçu kimliyi ilə başdan-ayağa iranlıdır.
Emin Mahmudov – Rusiya futbol məktəbinin yetirməsidir. Uzun illər Rusiyanın “Saturn”, “Tom”, “Spartak”, “Krılya Sovetov” kimi klublarında forma geyinib. Yalnız son illərdə Bakının “Neftçi” klubunda çıxış edir. Azərbaycanın əsas milli komandasının formasını geyinənə kimi Rusiyanın U-18, U-19, U-20, U-21 yığmalarının şərəfini qoruyub.
Renat Dadaşov – Almaniyada doğulub. Bu ölkənin “Leyptsiq”, “Ayntraxt” kimi klublarında futbolun sirlərini öyrənib.
Ramil Şeydayev – Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gəlib. Bu ölkənin U-17, U-18, U-19, U-21 milli komandalarında çıxış edib. Bir sözlə, Şeydayevin futbolçu kimi yetişməsində azərbaycanlıların heç bir rolu olmayıb.
Eddi İsrafilov – İspaniyada doğulub. Azərbaycanla yanaşı, İspaniya vətəndaşlığı da var. Futbol oynamağı da elə dünyaya gəldiyi ölkədə öyrənib.
Bədavi Hüseynov – Bədavi də futbolun sirlərini dünyaya göz açdığı Rusiyada öyrənib. O, Azərbaycana gələnə kimi Rusiyanın “Dağdizel”, “Anji” kimi klublarında çıxış edib.
Riçard Almeyda – Adından, soyadından da göründüyü kimi, Azərbaycana, azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Riçard braziliyalıdır, AFFA Azərbaycan milli komandasına cəlb etmək üçün onu milliləşdirib.
Ozan Can Kökçü – Əslən türkiyəli olan Ozan Can Niderlandda doğulub. Futbola aid nə öyrənibsə, azərbaycanlıların bunda heç bir rolu olmayıb. Onu Niderland futbolunun “tələbə”si saymaq olar.

Rusiyanın, İranın, Niderlandın, Braziliyanın, Almaniyanın, İspaniyanın haqqı

İndi sual yaranır: Slovakiya üzərində qələbəyə sevinək, ya sevinməyək? Amma bundan daha böyük və adamı narahat edən sual başqadır. Azərbaycan futboluna rəhbərlik edənlər, ölkədə fəaliyyət göstərən və “peşəkar klub” statusunda olan klublar illərdir nə işlə məşğul olurlar? Uzun illərdir ölkəni avrokuboklarda pis-yaxşı təmsil edən “Qarabağ”dan tutmuş, akademiyası olan “Qəbələ”yə kimi, bütün klublar hansı futbolçunu yetişdiriblər? Yox, məsələ təkcə milli komanda da deyil. Avropa klublarında forma geyinən, normal şəkildə oynayan bircə nəfər azərbaycanlı futbolçunun adını çəkin, növbəti yazıda AFFA rəhbərliyindən, klublardan üzr istəyim. Ad çəkə bilməzsiz, yoxdur elə bir futbolçu. Yoxdur ki, Azərbaycanın bir nömrəli futbol komandasının heyətində braziliyalılar, iranlılar, Rusiya, Niderland, Almaniya, İspaniya futbolunun yetirmələri forma geyinir.

Bəs 14 ildir Azərbaycan futboluna rəhbərlik edən, hər seçkidə alternativi olmadan AFFA prezidenti “seçilən” Rövnəq Abdullayev, uzun zaman federasiyada baş katib, vitse-prezident kimi çalışmış Elxan Məmmədov nə işlə məşğul olub? Hanı bu adamların rəhbərliyi dövründə ortaya çıxan futbolçular?

Azərbaycan millisi Avropanın sayılıb-seçilən komandalarından olan Slovakiyanı səfərdə məğlub edibmiş…. Bu qələbədə Azərbaycandan çox, Rusiyanın, İranın, Niderlandın, Braziliyanın, Almaniyanın, İspaniyanın haqqı var, xəbəriniz olsun. (Meydan.TV)

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button