Rusiyada da çempion bəlli oldu

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün qalibi bəlli olub.

Komanda.az xəbər verir ki, “Zenit” sona 2 tur qalmış çempionluğu təmin edib.

Sankt-Peterburq təmsilçisi bu gün 28-ci tur çərçivəsində əsas izləyicisi olan Moskva “Lokomotiv”ini 6:1 hesabıyla darmadağın edib. Qələbə sayəsində xalını 61-ə çatdıran “Zenit”, 52 xala malik paytaxt təmsilçisi üçün əlçatmaza çevrilib.

Qeyd edək ki, Sergey Semakın çalışdırdığı “Zenit” ardıcıl 3-cü dəfədir Rusiya çempionu olur. 45 yaşlı rusiyalı mütəxəssis bu uğuru sayəsində “Zenit”in tarixinə düşüb. Belə ki, Semak bu sayda çempionluq qazanan ilk baş məşqçi olub. O, 2 dəfə çempion olan italiyalı həmkarı Luçano Spalettinin rekordunu qırıb. “Zenit”ə digər çempionluqları hərəyə bir dəfə hollandiyalı Dik Advokatla portuqaliyalı Andre Villaş-Boaş qazandırıb.

“Zenit” bütövlükdə isə 7-ci çempionluğunu bayram edir. Piterlilər bu göstəricidə Moskva ÇSKA-sını geridə qoyublar, həmçinin birinci yerdə gedən “Spartak”a (10) yaxınlaşıblar.