Rövnəq Abdullayevin azarkeşləri

Rəşad Ergün

Ramil Şeydayevi “Qarabağ”dan ayrılıb Tailandın hansısa klubuna keçmək istəməsinə görə tənqid edən jurnalistlərə sosial şəbəkədə hücüm edənlər ki var… Hansılar ki, əksəriyyəti “şəxsi işidir, siz Ramildən, Qurban Qurbanovdan çox bilirsiz?” kimi absurd, əttökən şeylər yazırlar. Yəni bu yoldaşlar, bu qardaşlar Şeydayevi Tailandın hansısa klubuna keçmək istəməsinə görə tənqid edən jurnalistləri, həmçinin, bu sətirlərin müəllifini ona görə “qaralayıblar” ki, futbolçunun şəxsi işidir, gedib pul qazanmaq istəyirsə, özü bilər.

Düzü, Milli Məclisindəki “deputat”ı Elman Nəsirov, Siyavuş Novruzov olan ölkədən, ölkənin insanından çox zad gözləməyin yanlış olduğunu bilirəm. Kitab oxumayan, “tik-tok”da, “instaqram”da qız görən kimi paylaşımların altına İQ səviyyəsi “xanım “direkt”ə baxın daaa” yazmaqdan o tərəfə keçməyən bu çoxluqdan çoxdan əlimi üzmüşəm. Amma içi boş olan qab kimi bunlardan bəzən elə səslər çıxır, elə qışqırırlar, özlərinə elə əl qatırlar ki, səslərini kəsmək üçün vaxtına heyfin gəlmir, oturub bunlara başa düşəcəkləri dildə izah etmək keçir ağlından.

Yoldaşlar, Ramil Şeydayevin istədiyi kluba keçmək şəxsi işidirsə, onu avrokuboklarda oynamaq perspektivinə tüpürüb, pul dalınca uzaq Tailanda getdiyi üçün tənqid etmək də sizin məntiqinizlə, jurnalistin şəxsi işidir.

Şeydayev Azərbaycanın dövlət atributlarının əks olunduğu milli komandanın formasını geyinir. Sabah yığmanın baş məşqçisi Canni De Byazi deyəndə ki, “əlimdə keyfiyyətli futbolçu yoxdur” hamınız onun üstünə tökülüşəcəksiz, hələ özünü İQ səviyyəsinin normal olduğu yalanına inandıran bəziləriniz italiyalı mütəxəssisə taktiki-texniki məsləhətlər verib, “səhvlər”ini deyəcəksiz. Və sizin içi boş qabla sinonim təşkil etməli olan məntiqinizlə, jurnalistlər “Konyaspor”la Türkiyə Super Liqası oyununa start heyətində başlayıb, fasilədə əvəzlənən Mahir Emrelini də tənqid etməməlidir? Ancaq milli komandanın baş məşqçisi söyülməli, təndiq edilməlidir? Üzərində qətiyyən işləməyən, futbol yox, pul dalınca dünyanın o biri ucuna gedən futbolçular tənqid olunmamalıdır? Savadsızlıqları, acgözlükləri qabardılmamalıdır?

Özünüzü AFFA prezidenti Rövnəq Abdullayevə layiq azarkeş kimi aparmayın. Söz deyə bilirsizsə, deyin, buna istedadınız və bacarığınız çatmırsa, oturun “instaqram”da, “tik-tok”da “direkt”inizə nə vaxt mesaj gələcəyini gözləyin.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button