Raldneyin “Qarabağ”a keçidi niyə baş tutmayıb?

Braziliyanın “Nautiko” klubunun futbolçusu Raldneyin “Qarabağ”a transferinin baş tutmamasının səbəbi məlum olub.

Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, keçidin alınmamasının səbəbi “Nautiko”nun saxtakarlıq etməsi olub.

Danışıqlar “Qarabağ”ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb. Belə ki, “Nautiko” depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərdiyi deyilir. Bundan sonra danışıqlar dayandırılıb.

“Nautiko”nun idman direktoru Roberto Selva isə “Qarabağ”ı günahlandırıb:

“Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik. Bu, danışıqlarda standart prosedurdur. Raldney “Qarabağ”a transferindən əvvəl evlənmək üçün ona vaxt verilməsini istədi. Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədir. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi”.

Daha əvvəl Braziliya mətbuatında “Qarabağ”ın 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəyəcəyi yazılmışdı.