“Qarabağ”la oyun vaxtı özümüzü saunada hiss edirdik” – Çerçesov

“Oyun vaxtı havanın temperaturu 30 dərəcədən yuxarı idi. Yüksək rütubəti də nəzərə alsaq, özümüzü saunada hiss edirdik”.

Komanda.az xəbər verir ki, bu sözləri Macarıstan “Ferentsvaroş”unun baş məşqçisi Stanislav Çerçesov Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra Rusiya mətbuatına açıqlamasında deyib.

Çerçesov isti hava şəraitində komandasının xarakter göstərməsindən çox məmnun qaldığını deyib:

“Xüsusən də, zədələrə görə bir anda iki mərkəz müdafiəçisini dəyişməli olduq. Məşqçilik karyeramda nə vaxtsa belə bir şeyin baş verdiyini heç xatırlamıram. Öz meydanında daha yaxşı çıxış edən rəqibin gücünə görə oyunun çətin keçəcəyi gözlənilirdi və belə də oldu. Meydana “Slovan”la matçdakı start heyəti ilə çıxsaq da, taktiki düzülüşdə bir qədər dəyişiklik etmişdik və əvvəlcə bizə böyük fayda gətirdi. Nəticədə layiq olduğumuz qolu vurduq. Ardınca isə lüzumsuz top buraxdıq. Harada səhvə yol verdiyimizi aydınlaşdıracağıq”.

59 yaşlı baş məşqçi matçdan öncə və sonra həmkarı Qurban Qurbanovla, eləcə də “Qarabağ”ın futbolçusu Filip Ozobiçlə söhbətləşdiyini bildirib:

“Əvvəllər Qurbanovla tanış deyildik. Final fitindən sonra isə hazırda “Qarabağ”da və Azərbaycan millisində oynayan xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə danışdım. Təqribən 10 il əvvəl onu Moskva “Spartak”ına aparan mən olmuşam”.

Çerçesov azarkeşlər haqqında da danışıb:

“Azarkeşlər evdə öz komandalarına dəstək olmağı bacarırlar. Uzun illər öncə özüm də bu arenada oynamışam. Ona görə də yadımdadır ki, burada qonaq komanda üçün nə qədər çətindir. Budapeştdə bizi daha bir çətin görüş gözləyir və həmişə olduğu kimi, tribunalarımızın möhtəşəm dəstəyinə ümid edirik”.

Avqustun 9-da “Groupama Arena”da stadionunda keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button