“Qarabağ”ın müəyyən üstünlüyü ola bilər, amma favorit yoxdur” – Çerçesov

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz rəqibi, onlar da bizi analiz edir. Bir-birimizin güclü və zəif tərəflərini bilirik. Amma indi bunu açıqlamayacam. Oyun sabahdır və matç zamanı bütün amilləri nəzərə almalıyıq.

“Qarabağ” çox güclü komandadır. Sabahkı oyunda favorit yoxdur. “Slovan”a evdəki matçda uduzmuşduq. Ona görə rəqib favorit hesab olunurdu. Sabah isə hər şeyə yenidən başlayacağıq. “Qarabağ” meydan sahibi, biz isə qonaq komandayıq. Bu mənada, müəyyən üstünlük ola bilər. Amma kimisə favorit adlandırmazdım. Oyun hər şeyi göstərəcək”.

59 yaşlı baş məşqçi “Qarabağ”la görüşdə hansı oyun üslubuna üstünlük vermələrinin rəqibdən asılı olacağını söyləyib:

“İlk növbədə, komandamızın müəyyən oyun üslubu var. “Qarabağ”ın bizə nə dərəcədə oynamaq imkanı yaradacağından da çox şey asılıdır. İnanıram ki, baxımlı oyun olacaq”.

Çerçesov Qurban Qurbanovun 14 ildir “Qarabağ”ın “sükanı arxasında” olmasına da toxunub:

“Bir vəzifədə uzun müddət qalmaq üçün işini sevməli və mükəmməl səviyyədə bilməlisən. Həmçinin, uğur qazanmağın yollarını bilmək önəmlidir. Eyni zamanda, komandanı sevmək və klub rəhbərliyini nəticələrlə razı salmaq lazımdır”.

O, zədəli futbolçu Frank Bolinin son durumundan da söz açıb:

“İki gündür komanda ilə birlikdə məşq edir. Ümid edirik ki, sabahkı matçda meydana çıxacaq”.

Çerçesov “Rusiya Avrokuboklardan kənarda qalıb. Hazırda sizin komandanın oyununa onların mediasından, insanlarından böyük maraq var. Bu, sizi necə motivasiya edir” sualına isə belə cavab verib: “Biz Çempionlar Liqasında oynayırıq. Bu səbəbdən komandaya olan maraq təbiidir”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçına saat 20:00-da start veriləcək. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button