“Qarabağ”a nə lazımdır?

Vüsal Qəmbərov

“Qarabağ”ın “Molde” oyunu üçün önündə duran tapşırığın nə olduğunu hamı bilir sanırdım. Amma ölkənin sayılıb-seçilən jurnalistlərindən biri TV kanalların birində “Qarabağ” qalib gələrsə, pley-off biletini 90 faiz həll edir” deməsindən sonra başa düşdüm ki, bu heç də belə deyil. İşi bunu bilmək olanlardan belə cümlə eşitmək təbii ki, məyus edir. Amma keçək mətləbə…

Normalda futbolda 3 nəticə var, amma bu oyunda 4 fərqli nəticə ola bilər. Necə yəni?
Bir-bir hər 4 ehtimala baxaq. Və başlayaq ideal ssenaridən…

“Qarabağ” qalib gəlir

Bu halda qrupda hamının yeri dəqiqləşir. Yəni, “Qarabağ” nəhayət, Avropa Liqasının qrupundan pley-offa yüksəlir. Özü də 90-95 faiz də yox, 100 tam faiz.

Bayer
Qarabağ
Molde
Hakken

“Qarabağ” “Molde”ni hər iki oyunda udmuş olacağı üçün artıq norveçlilərin bizə çatması mümkün olmayacaq. Eyni zamanda, “Hakken”in də “Molde”yə, “Qarabağ”ın “Bayer”ə çatması mümkün olmayacaq. “Qarabağ”ın Norveçdəki qələbəsi İsveçdəki oyunu belə formallığa çevirir.

Heç-heçə

Bu o deməkdir ki, “Molde” Leverkuzenə, “Qarabağ” isə Bakıya eyni xalla gedir. Üstəlik, öz aralarındakı oyunlara görə “köhlən atlar” üstündür. “Qarabağ” və “Bayer”in öz meydanlarında sürprizə imkan verməsinə nə qədər inanırıqsa, “Molde”nin şansı da o qədərdir. Bax, bu yerdə “Heç-heçə olarsa, “Qarabağ” vəsiqənin taleyini 90 faiz həll edəcək” demək olar. Hətta ürəklənib onu 95-ə belə qaldırmaq mümkündür. Norveçdən xal ilə qayıdarsaq, “Qarabağ” Bakıda öz işini özü həll edib, növbəti mərhələyə keçə bilər.
“Qarabağ”ın qələbəsi kimi, bu ehtimal da “Hakken”in bütün ümidlərinin sonu olur.

1 top fərqi ilə məğlubiyyət

Bakıda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” eyni fərqlə uduzarsa, “Molde” 3 xal önə keçəcək, amma ikili oyunlardakı tarazlıq son tura önəm qazandıracaq. İntəhası o da çox nəzəri bir şans olacaq. Çünki hazırda “Molde” +3, “Qarabağ” isə -4 top fərqinə sahibdir. Norveçlilərin 1 top fərqli qələbəsindən sonra aradakı fərq -7-dən -9-a yüksələcək. Bu halda həm “Bayer”in “Molde”ni, həm də “Qarabağ”ın “Hakken”i darmadağın etməsi lazım olacaq. Məsələn, iki ədəd 5:0. Bir az çətindir sanki. Yəni, 1 top fərqli qələbə halında “90 faiz” söhbəti yer dəyişdirəcək və norveçlilər son tura rahat çıxacaq.

2 və daha çox top fərqi ilə məğlubiyyət

Bu isə bizim üçün ən arzuolunmaz ssenaridir. Bu halda “Qarabağ”a qarşı ikili mübarizədə üstünlük quran və etibarlı məsafədə özünə yer tutan norveçlilər pley-off biletini cibinə qoyur. Möcüzə olub isveçlilər Leverkuzendə qələbə qazanmazsa, biz də yenə Konfrans Liqasının pley-offuna yön alırıq.

Beləliklə, bu hesab-kitabı nəzərə alsaq, “Qarabağ”ın vəziyyətinin çox daha yaxşı olduğunu demək olar. Moldedəki oyunda bizə 1 xal bəsdir. Düzü, 1 xal üçün oynamaq “Qarabağ”ın vərdiş etmədiyi şeydir. Amma səbr və ağılla… Hə, bir də, komandanın soyuğa dözümlə bu işin öhdəsinən gələcəyinə və son turu formallığa çevirəcəyinə inanırıq.

Oyun planında isə mənim ən çox ümid etdiyim məqam “Molde”nin ağır müdafiəsi qarşısında Juninyonun dinamikliyi və son zamanlarda artan qoleadorluq qabiliyətinin bizi uğura aparacağıdır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button