“Qalatasaray” daha 2 transferi açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Nyukasl” klubunun sağ cinah müdafiəçisi Deandre Yedlinlə Portuqaliya “Benfika”sının yarımmüdafiəçisi Jedson Fernandesin keçidini həll edib.

“Qalatasaray” bu transferlərlə bağlı rəsmi saytı vasitəsilə açıqlama da yayıb. İstanbul təmsilçisi hər iki futbolçu, eləcə də onların klubları ilə rəsmi danışıqlara start verildiyini bəyan edib. Hər iki futbolçu tezliklə İstanbula gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Deandre Yedlin 2016-cı ildən “Nyukasl”da çıxış edir. 27 yaşlı sağ cinah müdafiəçisi karyerasına ABŞ-da başlasa da, 2014-cü ildən üz tutduğu İngiltərədə “Tottenhem” və “Sanderlend”in də uğurları üçün çalışıb. O, ABŞ yığmasında 62 oyun keçirib. Onun “Qalatasaray”la 3.5 illik müqavilə imzalayacağı bildirilir.

Jedson Fernandes isə 1.5 illik icarəyə götürüləcək. Müqavilədə satınalma şərtinin olub-olmayacağı daha sonra açıqlanacaq.

“Benfika”nın öz yetirməsi olan Fernandes, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinir. 22 yaşlı yarımmüdafiəçi ötən mövsümün qış fasiləsi dönəmində İngiltərənin “Tottenhem” klubu tərəfindən icarəyə götürülmüşdü. Fernandes Portuqaliyanın əsas millisində 2 rəsmi oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button