Premyer Liqa klubundan 43 milyonluq transfer

Futbol üzrə Braziliya yığmasının hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa Fransanın “Olimpik” (Lion) klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərənin “Vest Hem” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Premyer Liqa təmsilçisi bu transfer üçün fransızlar 43 milyon avro ödəyib. Braziliyalı oyunçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb.

Lukas Paketa Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, 2019/20 mövsümünü İtaliya “Milan”ında keçirdikdən sonra 2020-ci ilin sentyabrında 23.44 milyon avroya Lion “Olimpik”inə transfer olunmuşdu. Yarımmüdafiəçi Liqa 1 təmsilçisində 80 oyuna çıxıb, 21 qola imza atıb. O, Braziliya yığmasında da 33 oyuna 7 qolla yadda qalıb.

“Vest Hem” gənc oyunçuları – yarımmüdafiəçi Den Çesterslə hücumçu Mipo Odubekonu da icarəyə göndərib. İrlandiyadan olan 19 yaşlı Odubeko “Port Veyl”ə, 20 yaşlı ingilis Çesters isə “Kolçester Yunayted”ə icarəyə verilib. Hər iki oyunçu mövsümün sonuna kimi icarədə çıxış edəcək.

Lukas Paketanı “Vest Hem”ə satan Lion “Olimpik”i də hücumçusu Tino Kadevereni İspaniyanın “Malyorka” klubuna icarəyə verib. 26 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. İspanlar 1 illik icarə üçün Fransa klubuna 400 min avro ödəyəcəklər. Mövsümün sonunda oyunçunun transfer hüquqlarını almaq üçün “Olimpik”ə əlavə 8.5 milyon avro ödəmək lazım gələcək. Kadevereni transfer etsə, “Malyorka” onun gələcəkdəki satışından əldə olunacaq gəlirdən də 20 faizini Lion klubuna ödəyəcək.

Tino Kadevere “Olimpik”ə 2020-ci ilin qışında “Havr” klubundan 12 milyon avro qarşılığından transfer olunub. O, bu komandada meydana çıxdığı 53 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Zimbabveli hücumçu daha öncə “Harare Siti”, “Yurqarden” kimi klublarda da forma geyinib. O, Zimbabve yığmasında 19 oyuna çıxıb, 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button