Premyer Liqa klubundan 15 milyon avroluq transfer

İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubundan Mikkel Damsqoru, eləcə də “Bernli”dən Ben Mini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ben Mi ilə 2, Mikkel Damsqorla 5 illik müqavilə imzalanıb.

Ben Mi “Bernli”dən azad agent kimi ayrılıb. Bu üzdən də “Brentford” ona görə təzminat ödəməyib. Mikkel Damsqor isə “Sampdoriya”dan 15 milyon avro qarşılığına transfer olunub.

“Mançester Siti”nin yetirməsi olan Ben Mi 2011-ci ildən “Bernli”də çıxış edirdi. 32 yaşlı müdafiəçi bu komandanın heyətində keçirdiyi 11 mövsüm ərzində 376 oyuna çıxıb, 12 qola imza atıb. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, “Lester Siti”də də forma geyinib.

Mikkel Damsqor 2020-ci ildən “Sampdoriya”da çıxış edirdi. Danimarkalı vinger İtaliya klubunda iki mövsüm ərzində 49 oyuna 2 qol vurub. 22 yaşlı futbolçu daha öncə ölkəsində “Nordsyelland”ın da uğurları üçün çalışıb. Danimarka millisində 16 oyuna çıxan futbolçu, 4 qola imza atıb.

“Brentford” gənc hücumçusu Markus Forssu da “Midlsbro” klubuna satıb. Finlandiyalı forvard bu klubun öz yetirməsidir. O, 2018-ci ildən heyətində yer aldığı əsas komandada 74 oyuna 19 qol vurub. Forvard bu müddətdə “AFC Uimbldon” və “Hall Siti”də icarədə də oynayıb. Finlandiya yığmasında 14 oyuna 2 qol vurmuş Forss, “Midlsbro” ilə 4 illik müqavilə bağlayıb. Onun yeni klubu bu keçidə görə qarşı tərəfə 3.6 milyon avro ödəyib.