“Məncə, ölkəmizin ən yaxşı milli komandasını qura bilmişik”

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul Argentina milli komandası haqda danışıb.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, yığmanın baş məşqçisi Lionel Skaloni barədə fikir bildirib:

“Skaloni hər şeyi sıfırdan qurdu. O, kapitanımızın (Lionel Messi) və təcrübəli futbolçuların köməyiylə 19 oyunçuya millidə düzgün çıxış etməyi öyrətdi. Ən vacib məqam isə dostluq idi. Biz hamılıqla məsuliyyətimizi dərk edirdik. Məncə, ölkəmizin ən yaxşı milli komandasını qura bilmişik.

Heç nə asanlıqla əldə edilmir. 15 ildən sonra Boliviyada qalib olduq, uzun müddətdən sonra Perudan qələbə sevinci ilə ayrıldıq. Əksər rekordları qırdıq. Xalqla çox yaxın olduq. İnsanlar gördülər ki, biz millinin formasını geyinməyə layiq futbolçularıq.

İstəmirəm ki, kimsə dediyim sözlərə görə qəzəblənsin. Argentina son dərəcə mühüm və zəngin tarixə malik ölkədir”.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button