Naxçıvan Futbol Federasiyasında yığıncaq

İyunun 18-də Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbəti yığıncağı keçirilib.

Komanda.az xəbər verir ki, yığıncaqda şəhər və rayonlarda fəaliyyət göstərən futbol üzrə uşaq məşqçiləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, bu gün futbolun Naxçıvanda inkişafı, kütləvi hal alması üçün hər bir imkan yaradılıb. Sadəcə məşqçi-müəllimlər, eləcə də bu sahə ilə yaxından maraqlananlar bundan səmərəli istifadə etməlidirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrası nəticəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən rayon və kəndlərdə stadionlar yenidən qurularaq uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Stadionların yenidən bərpası uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayır. Eyni zamanda, bu stadionlarda keçirilən yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb. Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.

Müzakirələr sonra çıxış edən Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov qeyd edib ki, qarşıdakı mövsümdən etibarən Naxçıvan Muxtar Respublikasında uşaq liqaları təşkil olunacaq. Dünya praktikasında olduğu kimi, liqalar 10-14 yaşlı futbolçular arasında təşkil ediləcək. Komandaların heyətində istedadlı futbolçular seçiləcək və muxtar respublikanı yığma komanda halında ölkə və beynəlxalq yarışlarda təmsil edəcəklər. Qarşıdakı günlərdə artıq liqaların əsasnaməsi, oyun qrafikləri hazırlanacaq.

Nazir uşaq liqalarına nəzarəti məşqçi Sakit Rzayevə həvalə edib. Eyni zamanda Hakimlər Komitəsinin də yeni tərkibi müəyyənləşib və komitənin sədri Elmar Rzayev seçilib. Bildirib ki, növbəti aydan etibarən hakimlərin məşqlərinə start veriləcək və məşqləri Bakıdan dəvət olunacaq təcrübəli hakimlər aparacaqlar. Eyni zamanda, hakimlərimizin növbəti mövsümdən etibarən ölkə birinciliklərində oyunlara təyinat almaları üçün seminarlara göndəriləcəkləri də diqqətə çatdırılıb.

Azad Cabbarov vurğulayıb ki, növbəti ayda federasiyanın yeni yığıncağı təşkil olunacaq və komandaların məşqləri başlayacaq. Məşqçilərin təcrübələrini artırmaq məqsədilə Azərbaycanın tanınmış futbol mütəxəssisləri Naxçıvana dəvət olunacaq, seminarlar, kurslar təşkil olunacaq. Həmçinin, gənc məşqçilər təcrübə keçməyi üçün digər klubların təlim-məşqlərinə də qatılacaqlar.

Sonda Futbol Federasiyasının sədri Azad Cabbarov muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək qeyd edib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button