“Napoli” futbolçusunu Fransa klubuna satdı

Fransanın “Lill” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Everton”dan Andre Qomesi, “Napoli”dən Adam Unası, “Soşo”dan isə Alan Virciniusu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Adam Unasın transferi Fransa klubuna 3 milyon avroya başa gəlib. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Fransanın “Tur” klubunun yetirməsi olan Adam, peşəkar karyerasına “Bordo”da başlayıb. Hücumameyilli yarımmüdafiəçi 2017-ci ildə 12 milyon avro qarşılığında “Napoli”yə keçmişdi. Lakin İtaliya klubunda cəmi 62 oyun keçirib, 7 qol vura bilən Əlcəzair əsilli vinger, əvvəlcə “Nitsa”, daha sonra isə “Kalyari” və “Krotone”yə icarəyə verilmişdi. O, Əlcəzair yığmasında 19 oyun keçirib, 5 qol vurub.

Yeri gəlmişkən, “Napoli” digər yarımmüdafiəçisi Lukas Palmieronu da “Peskara”ya satıb. Transferin detalları açıqlanmır. Neapol klubunun öz yetirməsi olan 26 yaşlı futbolçu “Paqanese”, “Akraqas”, “Kozentsa” və “Kyevo” kimi klublarda icarədə olub. O, 2019/20 mövsümündə də “Peskara”da icarədə oynayıb. Neapol klubu gənc hücumçusu Cüzeppe Ambrozinonu da “Komo”ya icarəyə verib. Klubun öz yetirməsi olan 18 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə olacaq.

“Lill” Andre Qomesi “Everton”dan mövsümün sonuna kimi icarəyə götürüb. Portuqaliya yığmasının üzvü 2018-ci ildən İngiltərə klubunun uğurları üçün çalışırdı. O, Premyer Liqa təmsilçisində 100 oyun keçirib və 2 qol vurub. “Benfika”nın yetirməsi olan futbolçu İspaniyada “Valensiya” və “Barselona”nın da formasını geyinib. 29 yaşlı yarımmüdafiəçi Portuqaliya millisində 29 oyuna çıxıb.

Alan Vircinius isə “Soşo”dan 4 milyon avro qarşılığında transfer olunub. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Soşo”nun öz yetirməsi olan gənc vinger 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, əsas komandada iki mövsüm ərzində 50 oyuna çıxıb, 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button