Murad Musayev: “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi”

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycan klubunun rəhbərliyi ilə konflikt yaşaması ilə bağlı yayılan məlumatları təkzib edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis bu barədə ölkəsinin “Çempionat” nəşrinə açıqlamasında danışıb:

“Mətbuatda deyirlər ki, mənim “Sabah” rəhbərliyi ilə münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta onların ideal olduğunu deyə bilərsiz. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət şeylər olacaq”.

Azərbaycanda bəzi idman saytları Musayevin klub rəhbərliyi ilə münaqişəyə görə “Sabah”dakı vəzifəsini tərk etdiyini iddia edirdi.

Murad Musayev 2021-ci ilin noyabrından “Sabah”da işləyib. Komanda onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button