“Mançester Yunayted”i “Arsenal”la matça da Karrik çıxaracaq

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 14-cü turunda doğma meydanda “Arsenal”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ı bu oyuna da Maykl Karrik çıxaracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Mançester Yunayted”də 12-ci turun “Uotford”la səfər oyunundan (1:4) sonra baş məşqçi Ole Qunnar Sulşer istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Karrikə tapşırılmışdı. “Qırmızı şeytanlar”ı 13-cü tur çərçivəsində baş tutan “Çelsi” ilə səfər oyununa da məhz Karrik çıxarmışdı. Klub rəhbərliyi bir neçə gün öncə baş məşqçi postuna Ralf Ranqniki gətirib. Lakin komandanı qarşıdakı oyuna Karrik hazırladığından, oyunda da onun texniki zonada olmasına qərar verilib.

Ralf Ranqnik mövsümün sonuna kimi “Mançester Yunayted”ə baş məşqçi təyin olunub. Lakin onun Britaniyada işçi vizası alması da hələ mümkün olmayıb. Bu üzdən almaniyalı məşqçinin işinə nə vaxt başlayacağı bilinmir.

Mançester təmsilçisi Premyer Liqada bu mövsüm keçirdiyi 13 oyunda cəmi 18 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

“Mançester Yunayted” – “Arsenal” matçı sabah “Old Trafford”da keçiriləcək.