Mahirlə Anton arasındakı fərq

Vüsal “Aydın” Qəmbərov

Düzünü deyim, mən də sizin kimi Mahir Emreli xəbərlərindən bezmişəm. Hələ xəbərləri azmış kimi, gənc qardaşımız Bakıdakı istirahətinin də əsas hissəsini mediada verilişlərə qonaq olmaqla keçirir. Fəlakət və Fatehdə qonaq olduğu proqramları izlədim. Nə yalan deyim, ev sahibləri onu çox sıxma-boğmaya salmasa da, ümumən, həm intelektual, həm də emosional zəkası yüksəkdir. İzlədiyim Mahirin ən azından ulduz xəstəliyinə tutulmağı versiyası mənə absurd görünür. Bu mənada sevindim. Amma doğru qərarları vermə mövzusunda şübhələrim var. “Legiya”nın bir rəsmisinin də dediyi kimi, ona səhv məsləhətlər verirlər və o da məsləhətlər arasından özü üçün daha faydalı olanları seçmir. Bunu keçmiş agenti Tural Əsgərovun dediklərindən anladıq.

Mənim isə bu dəfə məqsədim mövzuya fərqli bir aspektdən baxmağı təklif etmək və əslində, ən önəmli olan məqamı sizinlə paylaşmaqdır.

Getdik!

Bir etiraf edim, may ayı idi və hamının Mahirin növbəti dayanacağını öyrənməyə çalışdığı bir vaxtda, ən etibarlı mənbədən məlumatı almışdım. Mahiri istəyən və danışıq gedən klublar arasında kimlər yox idi: Belçikadan “Leuven” və “Mexelen”, Portuqaliyadan “Famalikan” və “Rio Ave”, “Slovan” (Bratislava) və təbii ki, “Legiya”. 

İndi özünüzü qoyun Mahirin yerinə və qərar verin.

Bəli!

Mahir də ortalama azərbaycanlı kimi “Legiya” markasını seçdi. Çünki “Legiya” Polşa çempionu olmuşdu və heyətini də gücləndirirdi. İddialar böyük idi. Komandanı çempion edən baş məşqçi Çeslav Mixneviçin də yeri isti görünürdü. Maaşı da ki, öz yerində. Səhv eləmirəmsə, “Legiya” “Qarabağ”dan 2-2,5 dəfə artıq maaş təklif etdi.

Amma məsələyə bu perspektivdən yox, yəni 2021/22 mövsümü hədəfli deyil, 2025/26 mövsümü hədəfli baxanlar bunun doğru seçim olmadığını bilirdi.

Niyə?

Mənə o “niyə” “Slaviya” ilə Avropa Liqasının pley-off oyununda agah oldu. Hər şey super görünürdü. Varşavalılar arzuladıqları Avropa Liqası vəsiqəsini əldə etmişdi, özü də prinsipial sayıla biləcək cütdə, kifayət qədər güclü rəqibi üstələyərək. Ancaq o oyunda bir epizod ürəyimə xal saldı. Lukinyas, Josue və Mahir hücuma keçirlər və demək olar, heç kim nə etməli olduğunu dəqiq bilmir. Mahir açılır, Josue dərinliyə çəkilir, amma Lukinyas bu iki tərəfdaşının nə etdiyinə baxmadan fərdi reydə gedir. Sonra da bir-birlərinə narazı jestlər edirlər. Məşqçi isə bu mənzərəyə kənardan baxır və heç bir anlam verə bilmir.

Xalq diliylə desək, “danq elədi”. “Legiya”nın heç bir strategiyası yoxdur və Mixneviç də 21-ci əsrin o dərin düşünən, oyunu idarə edən, menecer tipli məşqçilərindən deyil. Yəni Mahir bu gün dəyərini bizim belə hərdən tam bilmədiyimiz, dünyada layiq olduğu məşhurluğa sahib olmayan Qurban Qurbanovu qoyub, sıravi bir məşqçi ilə işləməyə gedib.

May ayındakı söhbətdə rəyim bu olmuşdu ki, “Legiya”da və ya “Qarabağ”ın qapısına gələn hansısa başqa bir klubda strategiya varsa, Mahir ora getməlidir. Polşa çempionatı çox gərgin, maraqlı və izlənən bir çempionatdır. Çox çalışırlar ki, Serbiyanın, Kiprin, İsveçin və Norveçin etdiyi kimi, Avropada ortadan yuxarı olan çempionatlar sırasına daxil olsunlar. Amma alınmır. Səbəbi də elə bayaqdan dediklərimdə gizlidir. Strategiya və layihə yoxdur. Sadəcə futbol oynayırlar və pul qazanırlar. Kefləri yaxşı olmayanda da, futbolçu döydürürlər…

Həə…

Bu gün Anton Krivotsyukun baş məşqçisinin müsahibəsini oxuyanda isə bir az daha dilxor oldum… Təbii ki, Anton üçün sevindim, amma Mahirin necə səhv qərar verdiyini bir daha gördüm.

Matsey Bartoşek qısa müddətdə həm Antonu, həm gəldiyi ölkənin çempionatını gözəl təhlil edib və dəqiq diaqnoz qoyub:

“Orada (Azərbaycanda) bir dövrənin maksimum 2-3 oyununda səfərbər olurlar. Halbuki hər həftə belə etməlisən. “Visla” Krivotsyukun ilk xarici klubudur. O, bütün mühit və mədəniyyətini dəyişdi. Anton oynamayanda əsəbiləşir, narazı görünürdü. Amma bir dəfə oynayıb, səhvə yol verəndə, çox iş görmürdü. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Bəzən başqa ölkələrdən gələn futbolçularda belə olur”.

Baş məşqçi futbolçunun problemini necə çözəcəyini də bilir.

Bəli, futbol top oyunu deyil. Dəfələrlə təkrar etmişəm, yenə deməliyəm, bu, təşkilati işdir. Əsas strateji yolun, dəst-xəttin və konsepsiyanın olmasıdır. Futbolçu üçün ən vacibi isə doğru idarəçiylə, liderlər, yəni baş məşqçi ilə işləməsidir. Antonun bu anlamda bəxti gətirib, ona görə də, yaxında daha da yüksələcək. Mahir isə bu anlamda yanlış qərar verib və ümid edirəm ki, doğru məşqçini tapar. Ki, onun istedadını parlatsın və onu inkişaf etdirsin. İstedadına söz yoxdur, amma bu bəs etmir…