İtaliya millisinin üzvü “Latsio”nu “İnter”ə dəyişdi

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Latsio”dan Françesko Açerbini icarəyə götürüb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Milan klubu 34 yaşlı müdafiəçini satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Françesko Açerbi 2018-ci ildən “Latsio”da çıxış edirdi. İtaliyalı futbolçu paytaxt təmsilçisində 173 oyuna 10 qol vurub. O, “Paviya”, “Renate”, “Recina”, “Cenoa”, “Kyevo”, “Milan” və “Sassuolo”da da oynayıb. Təcrübəli mərkəz müdafiəçisi İtaliya yığmasında da 25 oyun keçirib, 1 qola imza atıb.

“İnter” öz oyunçularından gənc hücumçu Eddi Salsedonu da “Bari”yə, Lusyen Aqumeni isə “Trua”ya icarəyə verib. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq. “Cenoa”nın yetirməsi olan Eddi Salsedo 2019-cu ildən “İnter”dədir. 20 yaşlı hücumçu geridə qalan mövsümlərdə “Verona” və “Spetsiya”da da icarədə oynayıb. İtaliyalı hücumçu bu ölkənin U-21 yığmasına da dəvət alır. Lusyen Aqume isə Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2019-cu ildən Milan təmsilçisindədir. 20 yaşlı yarımmüdafiəçi son iki mövsümdə “Spetsiya” və “Brest”də icarədə olub. Kamerunda dünyaya göz açmış futbolçu Fransanın U-20 yığmasında forma geyinir.

Açerbini “İnter”ə icarəyə verən “Latsio”da daha bir neçə futbolçu bu mövsümün sonunadək fərqli komandalarda forma geyinəcək. Belə ki, Raul Moro “Ternana”ya, Riza Durmisi “Leqanes”ə, Jan-Daniel Akpa Akpro “Empoli”yə icarəyə verilib.

Jordan Lukaku, Patrik Dziçek və Sofian Kiyine isə “Latsio”dan birdəfəlik ayrılıblar. Onlar müvafiq olaraq “Ponferradina”, “Pyast” və “Leuven”ə transfer olunublar. Lukaku ilə Dziçek yeni klublarına azad agent kimi qoşulublar. Sofianın transferinin “Latsio”ya nə qədər qazandırdığı isə açıqlanmır.

“İnter”in hücumçusu Romelu Lukakunun kiçik qardaşı olan Jordan, 2016-cı ildən “Latsio”da çıxış edirdi. Daha öncə “Anderlext” və “Ostende”də çıxış etmiş belçikalı sol cinah müdafiəçisi, paytaxt klubunda 85 oyuna çıxıb, 1 qol vurub. “Latsio” onu son illərdə “Antverpen” və “Viçentsa” klublarına icarəyə də verib. 28 yaşlı müdafiəçi Belçika millisində də 8 oyun keçirib.

Polşadan olan Patrik Dziçek “Latsio”ya 2019-cu ildə məhz yetirməsi olduğu “Pyast”dan keçmişdi. O, paytaxt klubunun əsas komandasında möhkəmlənə bilmədiyi üçün “Salernitana”da icarədə oynamaq məcburiyyətində qalıb. 24 yaşlı futbolçu İtaliyada özünü göstərə bilmədiyi üçün ona doğma olan “Pyast”a qayıtmağa qərar verib.

Sofian Kiyine isə peşəkar karyerasına “Kyevo”da başlayıb. 2019-cu ildə “Latsio”ya keçən Belçika doğumlu mərakeşli yarımmüdafiəçi, paytaxt klubunda möhkəmlənə bilmədiyi üçün “Salernitana” və “Venetsiya”ya icarəyə verilib. 24 yaşlı yarımmüdafiəçi Belçika klubu ilə 4 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button