İbrahimoviç: “Milanda düzgün tərəfdə olmaq lazımdır”

“Milan”ın sabiq hücumçusu və hazırda klub rəhbərliyində məsləhətçi kimi çalışan Zlatan İbrahimoviç şəhər derbisində qələbədən sonra “İnter”ə sataşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı-qaralar”ın derbidə 1:0 hesablı qələbəsindən sonra komandasının inkişafı və gənc futbolçularla bağlı planlardan danışıb. İbrahimoviç Milanda iki tərəf olduğunu deyərək, “İnter”ə eyham vurub:

“Milanda düzgün tərəfdə olmaq lazımdır. Bilirsiz ki, bu şəhərin iki tərəfi var: mavi və qırmızı. Biz isə dəbdə olan tərəfdəyik (gülür). “Milanello”ya xoş gəldiz”.

İsveçli futbol funksioneri İtaliya futbolunda nəticələrin hər zaman ön planda olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma bəzən gənc futbolçuların inkişafına mane ola bilər:

“İtaliya futbol mədəniyyətində hamı nəticələrə fokuslanır. Gənc oyunçular və məşqçilər qalib gəlmək istəyir. Mən qələbə istəyirəmsə, hazır futbolçunu meydana buraxaram və bununla potensialı olan gənclərin şansını azaldaram. Bu isə onların inkişafını ləngidə bilər”.

İbrahimoviç bildirib ki, “Milan”da bu sistemi dəyişməyə çalışırlar. Klubun əsas məqsədlərindən biri gənc futbolçulara mütəmadi oyun praktikası qazandırmaqdır:

“Biz gənclərə mütləq oyun vaxtı vermək istəyirik. Çünki onlar inkişaf etmək üçün oynamalıdır. Futbolçu “Milan Futuro”da oynamırsa, o zaman “Primavera”da (gənclər çempionatı) çıxış edir. “Milan Futuro”da başlayır, amma temp fərqli olursa, onu yenidən “Primavera”ya göndəririk. Orada inkişaf edir və sonra geri qayıdır”.

İbrahimoviç “Milan” azarkeşlərinin klubdan daim böyük uğurlar gözlədiyini də xatırladıb:

“Yeddi Çempionlar Liqası titulu, 19 çempionluq, oyunçularımızın qazandığı “qızıl top”lar və digər kuboklar… Azarkeşlər buna öyrəşib. Bunu onlara verməsən, deməli, onlara “Milan”ı verməmisən. Biz isə bunu etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button