Azərbaycan millisinin keçmiş futbolçusunun oğlu “Lids”lə danışıq aparıb

Gürcüstan milli komandasının və Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İngiltərənin “Lids” klubu ilə danışıq aparıb.

Komanda.az xəbər verir ki, bu barədə Xviça Gürcüstan mətbuatına açıqlamasında deyib. O, “Lids”lə danışıqlar apardığını bildirib:

“Bir çox klubla görüşürəm. Danışıqlar davam edir. Yaxın zamanda yekunlaşacaq. İngiltərənin “Lids” klubu ilə danışıqlar olub və yenidən başlaya bilər. Əvvəlcədən danışmağı sevmirəm. Bu yaşda mənim üçün vacib olan oyun sayının çoxluğudur. Özümə inanıram və ölkəmi yaxşı təmsil etmək üçün əlimdən gələni edəcəm”.

Kvaratsxeliya ötən mövsüm “Rubin”in heyətində Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub. 20 yaşlı futbolçu ilə İtaliya, Almaniya, İngiltərə klubları yaxından maraqlanır.

Xviça Azərbaycan milli komandasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.