
Futboldan uzaq olan futbol üzrə milli komanda
Rəşad Ergün
Dünyanın başının tarixə daha bir qanlı və qaranlıq səhifə kimi yazılan ABŞ, İsrail – İran müharibəsinə qarışdığı vaxtda, Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milisi dünən başqa bir “tarix” yazırdı.
Deməli, bu komanda dünən Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxmışdı və Belçikanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşırdı. Belçikalılar özlərinə əziyyət verərək, Azərbaycan millisinin meydana çıxan hər üzvünə bir qol “hədiyyə” edib. 0:11!
Anlayıram, bu, əsas milli komanda deyil, heç kişi futbolçulardan ibarət yığma da deyil və ağrısı-acısı o qədər də hiss olunmur. Amma istənilən halda, dünən 0:11 hesabı ilə uduzan o milli komanda Azərbaycanı, azərbaycanlıları təmsil edirdi axı. Axı, belçikalılarla qarşılaşdıqları o oyun adi yoxlama, yoldaşlıq matçı da deyildi. Basketbol da deyildi, voleybol da. Avropa çempionatının seçmə mərhələsində, futbol oyununda, Azərbaycanı təmsil edən milli komandanın 0:11 hesabı ilə uduzması rəzillik, rüsvayçılıqdır. Futbola bu qədər uzaq olan futbol üzrə milli komanda ola bilməz, olmamalıdır!
Kimsə bu məğlubiyyətə görə cavab verməlidir. AFFA, U-17-nin baş məşqçisi, köməkçi məşqçilər – biri bu biabırçılığın məsuliyyətini üzərinə götürməlidir. Bəylər, xanımlar, bu, futbol deyil, basketboldur, voleyboldur, hər nədir, amma 0:11 hesabının futbola dəxli yoxdur.
Bizi Facebook-da izləyin



