Fransa klubundan 3 milyon avroluq transfer

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Tuluza”dan Bafode Diakiteni transfer edib. Bu barədə “Lill”in rəsmi saytı məlumat yayıb. 21 yaşlı fransız müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Gənc futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək. “Tuluza” yetirməsinin transferindən 3 milyon avro qazanıb.

Bafode Diakite 2018-ci ildən “Tuluza”nın əsas komandasında forma geyinirdi. O, bu komandada 84 oyuna çıxıb. Müdafiənin həm mərkəzində, həm də cinahlarında oynamağı bacaran futbolçu, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da çıxış edib.

Diakiteni transfer edən “Lill” öz müdafiəçisi İv Dabilanı da “Paris” klubuna satıb. Transferin detalları açıqlanmasa da, Fil Dişi Sahilindən olan futbolçunun yeni klubu ilə 2 illik müqavilə bağladığı diqqətə çatdırılıb.

“Monako”nun yetirməsi olan İv Dabila 2017-ci ildən “Lill”də forma geyinirdi. Lakin 25 yaşlı futbolçu burada əsas heyət üzvünə çevrilə bilməyib. Bu komandada cəmi 32 oyun keçirmiş futbolçu “Serkl Brügge”, “Muskron” və “Seren” klublarına icarəyə verilib.