
“Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək” – Azərbaycan millisinin futbolçusu
Qadın futbolçulardan ibarət Azərbaycan millisi sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində, C Liqasının 3-cü qrupunda Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl milli komandanın baş məşqçisi Siyasət Əsgərovun mətbuat konfransı keçirilib. Konfransa millinin futbolçuları Nigar Mirzəliyeva və Sevinc Cəfərzadə də qatılıb. Mirzəliyeva məqsədinin daha top-klublarda oynamaq olduğunu deyib:
“Bundesliqaya (“Hamburq” klubu) transfer olunmaq həm böyük məsuliyyət, həm də böyük sevincdir. Düşünürəm ki, özümü orada yaxşı göstərə biləcəm. Məqsədim daha top-klublarda çıxış etməkdir. Uyğunlaşma ilə bağlı bir az çətinlik çəkirəm. Fiziki baxımdan heç də onlardan geri qalmıram, üzərimdə çox çalışıram. Sabahkı oyunda kimin qol vurmasından asılı olmayaraq, qələbə önəmlidir. Əsas odur qalib gələk”.
Cəfərzadənin fikirləri isə belə olub:
“Budəfəki toplanışımızda bir az daha pozitivlik var. Sabah əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. Futbol emosional oyundur. Oyunlarda necə görünürəmsə, məşqlərdə də eləyəm. Məşqdə də eyni qaydada qızları motivasiya edirəm. Əsas odur ki, sonu qalibiyyət olsun. Almaniyada qadın futbolu hər cəhətdən inkişaf edib. Bu mənada, Rusiyanı ikinci, Türkiyəni isə üçüncü hesab edirəm. Bizim ölkədə də qadın futbolu inkişaf edir. Yeddi il futbol üçün qısa bir müddətdir. Buna baxmayaraq, biz də nəticələr göstərməyə çalışırıq”.
Azərbaycan – Şimali Makedoniya matçı sabah saat 15:00-da, Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



