Ederson A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Salernitana”nın braziliyalı yarımmüdafiəçisi Edersonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Salernitana”nın bu transferdən 21 milyon avro qazandığı iddia olunur.

Ederson “Salernitana”ya bu ilin yanvar ayında transfer olunmuşdu. O, yarım mövsüm ərzində bu komandanın heyətində 15 oyun keçirib, 2 qol vurub. Yarımmüdafiəçi əvvəllər “Desportivo Brazil”, “Kruzeyro”, “Korintians” və “Fortaleza”da da forma geyinib.

“Atalanta” öz müdafiəçisi Matteo Lovatonu da “Salernitana”ya satıb. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Yeri gəlmişkən, “Salernitana” norveçli forvard Erik Botheymi, çilili hücumçu Dieqo Valensiyanı və xorvatiyalı sol cinah müdafiəçisi Domaqoy Bradariçi də transfer edib. Onların hər üçü ilə 4 illik müqavilə imzalanıb.

“Atalanta” yarımmüdafiəçisi Enriko Del Pratonu da “Parma”ya satıb. İtaliyanın U-21 yığmasının üzvü ötən mövsümü məhz bu komandada icarədə keçirmişdi. “Atalanta” 22 yaşlı futbolçunu daha öncə “Livorno” və “Recina”ya da icarəyə vermişdi.

Berqamo klubu digər yarımmüdafiəçisi Matteo Pessinanı isə icarəyə verib. 25 yaşl futbolçu qarşıdakı mövsümü “Monza”da keçirəcək. İtaliyalı futbolçu 2017-ci ildən formasını geyindiyi “Atalanta”da 96 oyuna 6 qol vurub. Peşəkar karyerasına da məhz “Monza”da başlamış Pessina, daha sonra “Milan”a keçsə də, burada forma şansı qazanmayıb və “Leççe”, “Kataniya”, “Komo” kimi komandalara icarəyə verilib. Pessina 2017/18 mövsümündə “Spesiya”da, 2019/20 mövsümündə də “Verona”da icarədə oynayıb. İtaliya millisində 14 oyun keçirmiş futbolçu, 4 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button