Stadionunu su basan “Sumqayıt”ın rəsmisi: “Bizim məsuliyyətimiz deyil”

Azərbaycan millisi dünən FİFA Series-2026 çərçivəsində Sumqayıtda Sent Lüsiya yığmasını qəbul edirdi. Qarşılaşma hava şəraiti ilə əlaqədar təyin olunduğu vaxtdan 10 dəqiqə gec başladı. Belə ki, ölkədə son günlər müşahidə olunan intensiv yağıntı meydançanın xətlərini yumuşdu. Bərba işlərindən sonra qarşılaşma start götürdü.

Oyun Azərbaycan millisinin tarixi qalibiyyəti (6:1) ilə başa çatdı. Milli dünənki matça qədər heç vaxt belə böyükhesablı qələbə qazanmamışdı. Hər şeyin normal yekunlaşdığı bir vaxtda həngamə oyundan sonra qopdu. Sən demə, aramsız yağış Sumqayıtda şəhərin eyniadlı komandasının çıxış etdiyi Mehdi Hüseynzadə adına stadionun meydançasının xətlərini yumaqla kifayətlənməyib və paltardəyişmə otağına da “hücum çəkib”. Oyundan sonra paltardəyişmə otaqlarından çəkilən videogörüntülər bütün olanları ortaya qoydu.

Tarixi nəticə ilə yekunlaşan oyundan sonra baş verənlərlə bağlı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az saytına açıqlaması belə oldu:

“Mən dünən orada olmuşam və vəziyyəti də gördüm. Bildiyim qədər, Sent Lüsiya millisinin olduğu paltardəyişmə otağını su basmamışdı və ancaq Azərbaycan yığması olan otaq buna məruz qalmışdı. Oradakı borulardan sızmalar olmuşdu. Açığı, tam da dəqiq bilmirəm, videoları gördüm. Səs-küy düşdü ki, paltardəyişmə otağını su basıb. İmkan daxilində düşdüm ki, baxım vəziyyət nə yerdədir. Mən ora düşəndə artıq durum çox qarışıq idi. Geri qayıtdım. Çünki bizim oyun (“Sumqayıt”ı nəzərdə tutur) deyildi, millinin öz əməkdaşları var. Düzgün olmazdı mənim orada, o şəkildə müdaxilə etməyim. Sadəcə, bir az aşağı düşdüm, baxdım ki, vəziyyət nə yerdədir və qayıtdım. Sonradan videolarda daha ətraflı görə bildim”.

Xudiyev “hadisə ilə bağlı qonaq komanda tərəfindən hansısa şikayətin daxil olub-olmaması”, “olubsa, onlara bunun necə izah olunması” suallarına belə cavab verdi:

“Sent Lüsiya tərəfindən hansısa bir şikayət gəlibmi? Gəlibsə də onlara necə izah olunub? Bu bizim – yəni, “Sumqayıt”ın məsuliyyəti deyil. Daha çox milli komandanın rəhbərliyinə ünvanlanacaq suallardır. Şəxsən bizə – “Sumqayıt”a hansısa bir müraciət və ya şikayət daxil olmayıb”.

Klub rəsmisi hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini bildirdi:

“Amma texniki nasazlıq olduğu, borulardan su sızması doğrudur. Bu da yağışın intensiv yağması ilə əlaqədardır. Borular çatdıra bilməyib və belə bir hal yaşanıb. Bu gündən artıq bununla bağlı stadion rəhbərliyi ilə birlikdə iş başlanıb. Həm yığılan suyun çəkilməsi, həm də su sızan boruların təmiri ilə bağlı. Amma hazırda iş günü deyil deyə, tam ətraflı məlumat verə bilməyəcəm. Çalışacam ki, maraqlanım və dəqiq informasiya verim, baxmayaraq ki, bizə – yəni, “Sumqayıt”a aid olmayan məsələdir”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button