“Bordo”da 1 ayrılıq, 1 yeni müqavilə

Fransanın “Bordo” klubu braziliyalı mərkəz müdafiəçisi Marselo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu Avstraliyanın “Vestern Sidney Uonderers” klubuna transfer olunub. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. Təcrübəli müdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Marselo “Bordo”ya bu ilin əvvəlində Lion “Olimpik”indən transfer olunmuşdu. O, bu komandanın heyətində cəmi 11 oyuna çıxıb. Marselo daha öncə “Santos”, “Visla” (Krakov), PSV, “Hannover” və “Beşiktaş” klublarının da formasını geyinib.

“Bordo” yarımmüdafiəçisi Loqan Delorye-Şobe ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 20 yaşlı fransız futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir. Tərəflər arasındakı əvvəlki müqavilə gələn ilin yayına kimi idi. Delorye-Şobe klubun öz yetirməsidir. Hücumameylli yarımmüdafiəçiyə böyük ümidlər bəslənilir.