Azərbaycan futbolunun əsgəri

Vüqar Məmmədov

2000-ci illərin əvvəllərində AFFA-da məlum hakimiyyət dəyişikliyi baş vermişdi. Bu gün artıq həyatda olmayan mərhumlardan biri getmiş, digəri gəlmişdi, yəni Fuad Musayevi Ramiz Mirzəyev əvəzləmişdi. Vaxtı ilə kapitan olmuş Tərlan Əhmədov həmin dövrdə artıq yığmaya çağırılmırdı. Deyilənə görə, onu Fuad Musayevin adamı hesab edirdilər, bu səbəbdən. Amma bir dəfə Tərlanı yığmaya çağırdılar və bu zərurətdən baş verdi. Müdafiəçilərimizin zədəli və ya cəzalı olması üzündən (dəqiq xatırlamıram) o zamankı baş məşqçi Vaqif Sadıqov Əhmədovu yığmaya çağırdı. Həmin oyun Avstriyaya qarşı idi. Uzun müddət yığmanın kapitanı olan Tərlan Əhmədov bu oyuna kapitan kimi yox, sıradan bir oyunçu kimi çıxdı. O bütün eqosunu bir kənara qoyub, şərtsiz-filansız meydana girmişdi. Bənzəri, bir adamın əlinə silah alaraq, sıravi əsgər kimi düşünmədən vətəni qorumağa getməsi kimi.

Həmin oyun 0:0 hesabı ilə başa çatdı. Hesabın belə olmasında mərkəz müdafiəçisi Tərlan Əhmədovun müstəsna xidmətləri var idi. Əminəm ki, Tərlan həmin oyunda olmasa idi, yığmamız qol və ya qollar buraxacaqdı. Bu görüşdə Vaqif Sadıqov baş məşqçi kimi rəsmi oyunlarda ilk və son xalını aldı. Avstriya ilə oyun Tərlanın yığmada son oyunu idi. O bu oyundan sonra xeyli futbol oynamasına baxmayaraq, bir daha yığmaya çağırılmadı.

Tərlan Əhmədov 5-6 il əvvəl “Neftçi”dən məşqçi köməkçisi vəzifəsindən ayrılandan sonra AZAL-a baş məşqçi kimi yeni gəlmişdi. O dövrdə qəzet kimi fəaliyyət göstərən “Komanda”da gedən köşə yazımdan Əhmədova aid hissəni düşünürəm ki, bir daha paylaşmağa dəyər:

“Facebook”da, futbola aid səhifələrdən birində Tərlan Əhmədovun şəkli paylaşılıb və sonuncu turun AZAL – “Bakı” oyununda AZAL-ın futbolçusunun öz qapısına vurduğu qol əsas gətirilərək, şəklin altında belə bir cümlə yazılıb: “İlk oyunda komandasına avtoqol vurmağı öyrətdi”. Adminin bununla Əhmədovun yığma komandanın heyətində öz qapısına vurduğu qollara işarə etdiyi aydındır. Amma bir şeyi başa düşmək lazımdır, bir oyunçunun öz qapısına qol vurması, həmin futbolçunun zəif olduğu mənasını verməməlidir və bu, peşəkar futbolda da belədir. Öz qapılarından qol keçirən nə qədər güclü müdafiəçilər var. Lakin buna görə peşəkar müstəvidə kimsə  onları qınamır. Ümumiyyətlə, bir komanda qol buraxırsa, bu, kiminsə səhvindən sonra baş verir, istər oyunçu epizodda iştirak edib səhvən avtoqol vursun, istərsə də, səhvindən rəqib qol vursun. Necə deyərlər, ya zəlzələdən, ya vəlvələdən. Ümumiyyətlə, bir müdafiəçi üçün ustalıq göstəricisi fərdi planda rəqib hücumçuya uduzmamaq və kollektiv planda düzgün müdafiə olunmaqdır. Səhvdən isə kimsə sığortalanmayıb. Tərlan  Əhmədov Azərbaycanın ən güclü futbolçularından olub. Gənclərdən ibarət SSRİ yığmasının tərkibində Avropa çempionu olub. Bu yığmaya hər yoldan ötəni götürmürdülər. SSRİ dağılmasaydı, əsas yığmaya da düşməyəcəyini kimsə deyə bilməz. “Neftçi”dəki işinə əsasən isə demək olar ki, məşqçi kimi özünü sübut edəcək”.

Bu gün Tərlan Əhmədovun “Keşlə”dəki işi diqqətçəkicidir. Düzdür, hələ ortada ciddi bir uğur yoxdur. Amma bu gün Əhmədovun “Keşlə”si turnir cədvəlində heyətinə və büdcəsinə görə daha sanballı komandaları geridə qoya bilirsə, bunu baş məşqçinin bacarığına yazmaq lazımdır.

Noyabrın 17-si Tərlan Əhmədovun ad günüdür. Ona hər bir məşqçinin özünə arzuladığını, məşqçi kimi özünü sübut etməyi arzulayıram!