Azərbaycan futbolundan əvvəlcə onlar qovulmalıdır

Natiq Muxtarlı

Belə bir deyimi yəqin ki, hər biriniz eşidibsiz: “Yüz dəfə İmam üçün ağlayanda, bir dəfə də Yezidə ağlayın”. Azərbaycan futbolunda bütün ittihamlar “yezidlər”ə – AFFA rəhbərliyinə yönəlib həmişə. Bu yazıqlara görə ağlayan olmayıb. Amma istəyirəm ki, indi onlar üçün ağlayım.

Dədə balası, iddia edirik ki, futbolla bağlı qəbul edilən bütün əndrəbadi, anormal qərarlar “yezidlər”in, lənət şeytana, Rövnəq Abdullayevin, Elxan Məmmədovun diktəsi ilə qəbul edilir. İddia edirik ki, AFFA rəhbərliyində futbol adamları olmalıdır. Yaxşı, bu iddianızla razı. Amma bu “yezidlər”in bir çimdik məntiqləri olsaydı, deyərdilər ki, ay qadanızı alım, axı biz verdiyimiz qərarları elə futbol adamları ilə məsləhətləşdikdən sonra qəbul edirik, elə o dediyiniz futbol adamları bu qərarları bəh-bəhlə şərh edirlər. Elə o futbol adamları AFFA-da oturublar, uzun illərdir ki, futbolun çörəyini yeyirlər.

Məsələn, bu “yezidlər” deyə bilərlər ki, bütün qərarlar qəbul edilməzdən əvvəl Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayevdən məsləhət alırıq, onlar “əladır, əladır” deyirlər, sonra da mətbuatda bu qərarların nə qədər doğru olduğunu əsaslandırırlar. Məsələn, Qurban Qurbanov yığmaya baş məşqçi təyin olunur, Vaqif Sadıqov çıxıb deyir ki, vaxtında atılmış uğurlu qərardır. Qurban Qurbanovu yığmadan qovuruq, Vaqif müəllim bu dəfə deyir ki, çox düzgün addımdır, atılmasaydı…

Məsələn, deyə bilərlər ki, İsgəndər Cavadova regionlarda futbolun inkişafını həvalə etmişik. Hanı regionlardakı inkişaf? Nə cavab verərsiz Cavabı var bunun? Amma bu “yezidlər”in bir çimdik məntiqləri olmadığı üçün bunu deyə bilmirlər. Bunu nəzərə alıb, gərəkdir ki, arada onlara görə də ağlayaq.

Məsələn, deyək ki, sabah bu “yezidlər”, bir daha lənət şeytana, indiki AFFA rəhbərliyi tam şəkildə istefaya göndərildi. Quruma yeni “yezidlər” gəldi. Onlar nə edəcəklər? Daha doğrusu, Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev nə edəcək? Nə etməlidirlər ki, indi də yenilərin verdiyi qərarlara “əhsən” deyəcəklər.

Buna görə də, tələsməyə ehtiyac yoxdur. Azərbaycan futbolundan əvvəlcə onlar – Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev qovulmalıdır. Onların yerində isə futbolun problemlərini deyən, inkişaf strategiyasını bilən veteranlar olmalıdır. İnanın, onların yerində bunlar olsa, elə indikilərin də qərarlarına təsir etmək olar. Deməli, futbolumuzun ən böyük bəlası Rövnəq Abdullayev, Elxan Məmmədov yox, onlardır – Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev. Yüz dəfə
İmam üçün ağlayanda, bir dəfə də Yezidi yada salaq…

Bizi Telegramda izləyin