“Arsenal”ın futbolçusu hücuma məruz qaldı

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Qabriel dostu ilə gecə klubundan qayıdarkən hücuma məruz qalıb.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər 23 yaşlı müdafiəçinin avtomobilini saxladığı qaraja daxil olublar.

Cinayətkarlar braziliyalı oyunçudan maşının açarlarını, qol saatını və mobil telefonunu tələb ediblər. Onlardan biri Qabrieli beysbol çubuğu ilə hədələyib. Futbolçu onunla əlbəyaxa olub və daha sonra hücum edənlər qaçıblar. Müdafiəçiyə və onun dostuna zərər dəymədiyi bildirilir.

Qabriel “Arsenal”a ötən ilin sentyabrında 27 milyon funt-sterlinq qarşılığında “Lill”dən transfer olunub. O, “topçular”ın heyətində 42 oyunda 4 qol vurub.