AFFA-nın icraçı vitse-prezidenti Vaqif Sadıqov olacaq? – Müsahibə

AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

  • Vaqif bəy, söz-söhbət var ki, AFFA-da yeni yaradılan icraçı vitse-prezident vəzifəsinə siz təyin olunacaqsız.
  • Vallah, nə deyə bilərəm, hər şey yanvarın 28-də bilinəcək. Hər kim olacaqsa, Azərbaycan futboluna xidmət etməlidir. Və ona olan etimadı doğrultmalıdır.
  • Yanvarın 28-də keçiriləcək növbəti konfransda millinin baş məşqçi məsələsi də müzakirə olunacaq. Namizədiniz kimdir, milli komandanın “sükanı arxasında” kimi görmək istərdiz?
  • Bəli, namizədlərin siyahısı təqdim olunacaq və müzakirələr aparılacaq. Biz namizəd vermirik. Rəhbərlik bizə namizədlərin hazırlanmış siyahısını verəcək və biz də müzakirələr aparacağıq. Siyahıda kimin olması haqda da məlumatım yoxdur. Bunu yanvarın 28-də öyrənəcəyik.
  • Ukrayna mətbuatının xəbərinə görə, “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk AFFA ilə danışıqlar aparır.
  • Vallah, xəbərim yoxdur, sizdən eşidirəm. Bizə bildirilib ki, İcraiyyə Komitəsinin üzvlərinə siyahı təqdim olunacaq və müzakirələr ediləcək. Başqa heç bir şey haqda məlumatım yoxdur. Bu məlumatları mətbuatdan alıram, dəqiq bir şey deyə bilmərəm.
  • Son zamanlarda danışılmış oyunlarda ittiham olunan futbolçuların, futbol adamlarının sayı get-gedə artır…
  • Nə deyə bilərəm? Hüquq-mühafizə orqanları bununla mübarizə aparır. Biz həmişə təmiz oyunun şahidi olmaq istəyirik. Ancaq bu halda futboldan inkişaf gözləmək olar.
  • Klubların Antalya toplanışı ilə maraqlanırsız?
  • Bəli, sabah da nümayəndəmiz Antalyaya yolda düşəcək. Daim klublarımızı izləyirik, məlumatlar alırıq. Özümüz də yaxından izləmək üçün ora yollanacağıq.
  • Uzun illər “Neftçi”nin formasını geyinmisiz, baş məşqçisi olmusuz. Komanda Polşa liqasının autsayderinə 4 cavabsız qolla uduzdu.
  • Gəlin belə danışaq da, bu, yoxlama oyunudur, həm də birincidir. Ola bilsin, komanda tam hazır deyil, kimlərsə sınaqdan keçirilir. Ən vacib odur ki, “Neftçi” çempionata tam hazır olsun. Onları fasilədən sonra gərgin mübarizə gözləyir. Komanda təkcə çempionluq yox, Avroliqaya düşmək üçün mübarizə aparmalıdır. Digər komandalar kimi onlara da uğurlar arzu edirəm.
  • Rəhbərlik baş məşqçi Roberto Bordinlə davam etməyə qərar verdi. Sizcə, düzgün qərardırmı?
  • Kənardan nəsə fikir söyləmək asandır. Klubun içində olanlar vəziyyəti bizdən daha yaxşı bilir. Bordinlə davam etməyi qərara alıblarsa, deməli, düzgün olan odur.
  • Vəziyyəti pis olan klublardan biri, bəlkə də, birincisi “Səbail”dir. Komandanın aparıcı üzvləri artıq ayrılıb. Sizcə, “Səbail”in durumu necə olacaq?
  • Düzdür, istər-istəməz gedənlərin komandanın oyununa təsiri olacaq. Ancaq heç kim əvəzedilməz deyil. Hesab edirəm ki, onları əvəz edəcək gənc futbolçular, yeni simalar gələcəkdə Azərbaycan futboluna xidmət edəcəklər.

Şahin Cəfərov