Norveç hökuməti “Molde”nin müraciətinə müsbət cavab vermədi
Norveç hökuməti “Molde”nin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacağı oyun üçün etdiyi müraciətə müsbət cavab verməyib.
Komanda.az “adressa.no” saytına istinadən xəbər verir ki, bu barədə Norveçin mədəniyyət naziri Abid Raca NTB-yə açıqlamasında deyib. O, “Molde”nin Azərbaycan səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını bildirib:
“Təəssüf ki, “Molde”nin “Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də, mən Norveç Futbol Federasiyasını və “Molde” klubunu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq. Yəni proqramlarını buna uyğun qurmalıdırlar. Bu isə o deməkdir ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə “Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdır”.
“Qarabağ” – “Molde” matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir. Lakin “Molde” rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. “Qarabağ” klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.
Bizi Facebook-da izləyin