
“Azərbaycanın adını dünyada ucaldacaq idmançılar yetişdirəcəyik” – FOTO
Ötən ay Mehdiabad qəsəbəsində Respublika Kompleks İdman Məktəbinin və Cənub İdman Klubunun boks zalı fəaliyyətə başladı.
Zalın açılışında Gənclər və idman naziri Fərid Qayıbov, Abşeron rayon İcra hakimiyyətinin və Boks federasiyasının məsul şəxsləri, şəhid ataları, məktəblilər və valideynlər iştirak etdilər. Respublika Kompleks İdman məktəbinin baş məşqçi və müəllimi, Cənub İdman Klubunun rəhbəri, əməkdar məşqçi Samir Həsənov qonaqlara zalın fəaliyyəti ilə bağlı məlumat verdi, gələcək planlarla bağlı ətraflı söhbət etdi.
Üstündən bir aya yaxın vaxt keçdiyindən hazırda məktəbdə hansı işlərin görüldüyündən və yeniliklərdən, eyni zamanda, boksa olan marağın hardan qaynaqlandığından xəbər tutmaq üçün Samir Həsənovla əlaqə saxladıq. Həsənovun Komanda.az-a açıqlaması belə oldu:
“Yardımlı rayonunun Dağüzü kəndində doğulmuşam, uşaqlığım gözəl və səfalı təbiətimizin qoynunda keçib, o dağların suyu, havası canıma-qanıma hopub. Mənə elə gəlir ki, məhz belə bir yerdə böyüməyim bu İdman növünə olan marağımın cücərməsinə səbəb olub. Bu maraq məhz bu yerlərə gətirib çıxardı məni. Hazırda məşqçisi olduğum Respublika Kompleks İdman Məktəbinin və rəhbəri olduğum Cənub İdman Klubunun məqsədi uşaq və gənclərimizin boksa olan marağını artırmaq, bu idman növü üzrə adlı-sanlı boksçular yetişdirməkdir.
Təsadüfi deyil ki, yeni zalımızın açılışında Fərid Qayıbov da iştirak etdi, tövsiyə və məsləhətlərini verdi, fəaliyyətimizin uğurlu olması, genişləndirilməsi üçün dəstək olacağını söylədi. Nazir məktəbin açılışı ilə bağlı xeyir-duasını verdi, möhtərəm Prezidentimizin idmana və idmançılara olan qayğısından danışdı. Bütün bunlar biz məşqçi və boksçulara çox yüksək stimuldur.
Prezidentə də, cənab nazirə də minnətdarlıq etdik. Öz növbəmizdə, Azərbaycanımızın adını dünya arenasında layiqincə təmsil edəcək idmançılar yetişdirmək üçün əlimizdən gələni edəcəyimizə söz verdik. Açılışdan sonra uşaqların sayı, onların boksa olan marağı xeyli artıb. İnanıram ki, qarşıda bizi uğur və müvəffəqiyyət dolu gələcək gözləyir. Çünki bundan ötəri bütün varlığımızla çalışır, yorulmaq bilmədən gecəmizi gündüzümüzə qatırıq”.

Bizi Facebook-da izləyin



