“Qarabağ”ın çempionluğunu normal qarşılayaram, ancaq bizim sonuncu olmağımızı yox”
Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasında mövsümün bərpa olunub-olunmayacağı sual altındadır.
Ölkədə karantin rejiminin mayın 31-nə qədər uzadılması və idman fəaliyyətləri haqda hələ heç bir qərarın qəbul olunmaması səbəbindən, klublar da məşqlərini bərpa etməyib. Premyer Liqa təmsilçiləri hazırda ev şəraitində, onlayn məşqlər edirlər.
“Qəbələ” klubunun futbolçusu Asif Məmmədov Premyer Liqanın qeyri-müəyyən taleyi haqda Komanda.az-a açıqlama verib. Məmmədov, Premyer Liqada mövsümün bərpa olunmasının tərəfdarıdır:
“Premyer Liqada mövsüm davam etdirilib oynanılsa, çox yaxşı olardı. Çünki həm komandalar, həm də futbolçular üçün uzun fasilə yaxşı deyil. Evdə nə qədər çalışırsan çalış, bu, bazadakı məşqlərin yerini vermir. Buna baxmayaraq, verilən qərarlara hörmətlə yanaşacağıq”.
Məmmədov, Premyer Liqada mövsümün erkən yekunlaşdırılıb hazırkı turnir cədvəlindəki yerlərə görə komandaların sıralanmasının da əleyhinədir:
“Mənim fikrimi öyrənmək istəyirsizsə, mən buna “hə” deməyəcəm. Ancaq qərarı verən biz deyilik. Nə qərar olsa, məcburuq bununla razılaşaq. “Qarabağ”ın çempionluğunu normal qarşılayaram, ancaq bizim sonuncu olmağımızı yox. Çünki daha da irəli gedə bilərik və kubokda da şanslarımız var”.
“Qəbələ” koronavirusa görə dayandırılan Premyer Liqada 19 xalla sonuncudur.
Bizi Facebook-da izləyin