Ruslan Abışov: “Görəsən, orada futbol həyatım nə cür alınardı?” – Müsahibə
5 sual, 5 cavab
Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start vermişik.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız “Sabah” klubunun kapitanı Ruslan Abışovdur:
- Həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
- Bu günə kimi hər nə yaşanıbsa, Allaha şükür eləmişəm. Narazılıq etməyə heç bir səbəbim yoxdur.
- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
- Dəyişməsini istədiyim çox şeylər var. İlk olaraq, dünyada baş verən bütün müharibələrin dayanmasını istəyərdim. Müharibə olmasa, ölüm-itim olmasa, qalan hər şeyə çarə olar.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?
- Əlbəttə, futbolçunun statistikası önəmlidir. Bu, futbolçu haqqında müəyyən təəssürat yarada bilər. Amma statistika futbolçunun əsl keyfiyyətindən tam xəbər vermir. Buna görə də, mən futbolçunu 15 dəqiqə canlı izləməyin tərəfdarıyam, nəinki onun statistikasına baxmağın.
- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Belə bir arzu, istək sırf futbolla bağlı olub. Məsələn, mən körpə olanda bizim Almaniyada yaşamaq ehtimalımız var idi. Bu, son anda baş tutmamışdı. Hərdən özümə maraqlı gəlir ki, görəsən, orada futbol həyatım nə cür alınardı? Amma azərbaycanlı olduğum üçün həmişə fəxr eləmişəm.
- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- Əvvəllər Çempionlar Liqası və Avroliqanın qrup mərhələsi də bizə bir az əlçatmaz görünürdü. Lakin biz “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin sayəsində buna nail olduq. İndi isə bu uğuru milli səviyyəsində arzu edirik. İnanıram ki, gec-tez biz də milli səviyyəsində AÇ və ya DÇ-də olacağıq. Bunun üçün nə etmək lazım olduğunu isə məşqçi olanda fikirləşəcəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin